Bakıda əmlak bazarı ilə bağlı YENİ PROQNOZ: İpoteka və qiymətlər...

Bakıda əmlak bazarı ilə bağlı YENİ PROQNOZ: İpoteka və qiymətlər...
10.08.2026 10:52 İqtisadiyyat

"Daşınmaz əmlak sektoru yalnız mənzil və kommersiya obyektlərinin alqı-satqısından ibarət deyil. Bu sahə tikinti, məşğulluq, vergi gəlirləri, investisiya və bir sıra digər iqtisadi fəaliyyət istiqamətləri ilə sıx bağlıdır. Buna görə də daşınmaz əmlak bazarındakı dinamika bütövlükdə iqtisadi aktivliyə ciddi təsir göstərir".

TodayPress TV xəbər verir ki,  bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədrinin birinci müavini Fərid Rüstəmov daşınmaz əmlak sektorunun Azərbaycan iqtisadiyyatına təsirini şərh edərkən deyib.


Onun sözlərinə görə, son illərdə Azərbaycanda tikinti və daşınmaz əmlak sektorunda müşahidə olunan aktivlik ölkə iqtisadiyyatının ümumi dinamikasında da özünü göstərir:

"Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-oktyabr aylarında tikinti sektoru ÜDM-in 6,5 faizini təşkil edib. Azərbaycan Mərkəzi Bankının qiymətləndirmələri də son illərdə tikinti sektorunun həm nominal həcminin, həm də ÜDM-dəki payının artım tendensiyası nümayiş etdirdiyini göstərir"

AQC rəsmisi hesab edir ki, tikinti sektorundakı artımın arxasında bir neçə mühüm amil dayanır. O, xüsusilə Bakı və ətraf ərazilərdə həyata keçirilən iri tikinti layihələrini, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini, həmçinin daşınmaz əmlak bazarında formalaşan yüksək tələbi qeyd edib.

F.Rüstəmovun fikrincə, daşınmaz əmlakın iqtisadiyyat üçün əhəmiyyəti yalnız Azərbaycanla məhdudlaşmır. Qlobal göstəricilər də bu sektorun dünya iqtisadiyyatındakı böyük çəkisini nümayiş etdirir.

"Savills-in araşdırmasına görə, 2026-cı ilin əvvəlinə dünyada bütün daşınmaz əmlakın ümumi dəyəri təxminən 393,3 trilyon ABŞ dollarına çatıb. Bu göstərici qlobal ÜDM-dən təxminən dörd dəfə çoxdur. Bu baxımdan daşınmaz əmlak dünyanın ən böyük sərvət ehtiyatlarından biri hesab olunur".

AQC İdarə Heyətinin sədrinin birinci müavini daşınmaz əmlak sektorunun iqtisadiyyata təsirini göstərən nümunə kimi ABŞ təcrübəsinə də diqqət çəkib.

Onun sözlərinə görə, ABŞ-da əmlak, icarə və lizinq sənayesi iqtisadiyyata ən böyük töhfə verən sahələrdən biridir. Milli Rieltorlar Assosiasiyasının hesablamalarına əsasən, 2025-ci ildə bu sektorun ABŞ ÜDM-ə töhfəsi təxminən 4,9 trilyon dollar, yaxud ÜDM-in 18 faizi həcmində olub.

"İnfrastrukturun, yol şəbəkəsinin və yaşayış məntəqələrinin inkişafı daşınmaz əmlak bazarının aktivliyinə birbaşa təsir göstərir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri həm tikinti sektoruna, həm də onunla əlaqəli çoxsaylı iqtisadi fəaliyyət sahələrinə əlavə impuls verir".

O əlavə edib ki, sektorun inkişafı təkcə mənzil və digər daşınmaz əmlak aktivlərinin sayının artması ilə ölçülməməlidir. Bu prosesin iqtisadiyyatın digər sahələrinə də geniş təsirləri var.

"Daşınmaz əmlak sektorunun inkişafı yalnız əmlak bazarının genişlənməsi demək deyil. Bu, eyni zamanda yeni iş yerlərinin yaranması, tikinti və xidmət sahələrinin canlanması, investisiya fəallığının artması və dövlət büdcəsinə daxilolmaların genişlənməsi deməkdir. Bu səbəbdən sektorun dinamikası bütövlükdə iqtisadi aktivliyin mühüm göstəricilərindən biri kimi qiymətləndirilə bilər".

AQC rəsmisi hesab edir ki, Azərbaycanda daşınmaz əmlak sektorunun ÜDM-də payının artması iqtisadiyyatın şaxələndirilməsi baxımından da əhəmiyyətlidir.

Fərid Rüstəmov sonda qeyd edib ki, tikinti və daşınmaz əmlak bazarında yaranan hər yeni iqtisadi aktivlik yalnız həmin sektor daxilində deyil, nəqliyyat, logistika, tikinti materialları, maliyyə, sığorta, xidmət və digər əlaqəli sahələrdə də əlavə iqtisadi dövriyyə formalaşdırır. Bu baxımdan sektorun inkişafı ölkə iqtisadiyyatında multiplikativ effekt yaradan əsas istiqamətlərdən biri kimi çıxış edir.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Bakıda əmlak bazarı ilə bağlı YENİ PROQNOZ: İpoteka və qiymətlər... — 1
XƏBƏR LENTİ
10 AVQUST 2026
Bütün Xəbərlər