Yeni transferdən azarkeşlərə çağırış: “Biz buradayıq ki, mübarizə aparaq”
İdman
14.01.2026 12:34
“Qəbələ”nin yeni transferlərindən olan Seydina Keyta klubun rəsmi saytına açıqlama verib.
TodayPress TV xəbər verir ki, seneqallı mərkəz müdafiəçisi təlim-məşq toplanışının ilk günləri, Azərbaycan futbolu ilə bağlı bilikləri və Dodo ilə tanışlığı barədə danışıb.
Keyta “Qəbələ”də yaradılan şəraitdən razı qaldığını bildirib:
“Qəbələdə infrastruktur çox yaxşıdır. Xəstələndiyim üçün komanda ilə oyunlara tam hazırlaşa bilməsəm də, bu cür şəraitdə yaxşı performans göstərmək mümkündür”.
Təcrübəli futbolçu “Qəbələ”yə keçməzdən əvvəl komandanın oyunlarını izlədiyini də qeyd edib:
“Azərbaycan futbolu barədə məlumatım var idi. ‘Qarabağ’ın demək olar ki, Çempionlar Liqasındakı bütün oyunlarına baxmışam. ‘Qəbələ’ haqqında da məlumatlı idim. Çünki dostum Dodo vaxtilə burada oynayıb. Onunla Latviyanın ‘Liepaya’ klubunda birgə çıxış etmişik. ‘Qəbələ’dən təklif gələndə Dodoyla məsləhətləşməyə ehtiyac duymadım. O, artıq bu klub barədə mənə çox şey danışmışdı. Həmçinin Dodonun ‘Qəbələ’nin heyətində avrokuboklarda keçirdiyi oyunlara da baxmışam. İlk təəssüratım bu oldu ki, çox yaxşı komandadır. Futbolçu olaraq gedəcəyim klub barədə həddən artıq sual verməyi sevmirəm. Əsas olan özümü həmin komandada yaxşı tərəfdən göstərməkdir”.
Seydina Keyta sonda “Qəbələ” azarkeşlərinə müraciət edib:
“Azarkeşlərdən xahişim komandaya dəstək olmalarıdır. Hazırda ‘Qəbələ’ çətin vəziyyətdədir və onların dəstəyinə ehtiyacımız var. Söz verə bilərəm ki, hər şey yaxşı olacaq. Biz əlimizdən gələnin ən yaxşısını etmək üçün buradayıq və ümid edirəm ki, birlikdə yaxşı nəticələr qazanacağıq”.
Namiq HUN
tag: Qəbələ,Seydina Keyta,Transfer,Klub,Todaypress.tv,
