Ürək problemi yaşayan Luçeskudan ilk açıqlama!

İdman

30.03.2026 10:23

Futbol üzrə Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku hospitalizasiya olunduqdan sonra səhhəti ilə bağlı açıqlama verib.

TodayPress TV “Sporturilor” nəşrinə istinadən xəbər verir ki, 80 yaşlı mütəxəssis özünü yaxşı hiss etdiyini, lakin hələ bir müddət xəstəxanada qalacağını bildirib:

“Hazırda özümü yaxşı hiss edirəm. Tam bərpa olunmuşam, amma əlavə müayinələrdən keçməliyəm, buna görə də xəstəxanada qalacağam”.

Məlumata görə, Luçeskuda ürək ritm pozuntusu diaqnozu qoyulub. O, Buxarest Universitetinin Təcili Yardım Xəstəxanasına ciddi ürək ritmi pozğunluğu səbəbindən yerləşdirilib.

Məşqçi həkim nəzarəti altında qalacaq və xüsusi müalicə alacaq.

Qeyd edək ki, Luçesku martın 29-da Slovakiyaya yoldaşlıq oyunu üçün uçuşdan əvvəl keçirilən son məşq ərəfəsində özünü pis hiss edib.

Xatırladaq ki, Rumıniya yığma komandası martın 26-da dünya çempionatı-2026-nın seçmə mərhələsinin pley-offunda Türkiyə millisinə 0:1 hesabı ilə məğlub olub. Komanda martın 31-də Bratislavada Slovakiya millisi ilə yoldaşlıq oyunu keçirəcək.

Namiq HUN

TodayPress TV

tag: Mirça Luçesku,Rumıniya,Ürək problemi,Xəstəxana,Todaypress.tv,