U-23 dünya çempionatı: Azərbaycan 23 güləşçi ilə Las-Veqasda
Oktyabrın 12-dən 18-dək ABŞ-nin Las-Veqas şəhərində güləş üzrə U-23 dünya çempionatı keçiriləcək.
TodayPress TV xəbər verir ki, mundialda ölkəni 23 güləşçi təmsil edəcək.
Yunan-Roma güləşi üzrə millimiz yarışın ilk günlərində xalçaya çıxacaq. Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Rövşən Bayramov və Sabah Şəriətinin rəhbərliyi altında Fərid Sadıxlı (55 kiloqram), Elmir Əliyev (60 kiloqram), Ayxan Cavadov (63 kiloqram), Məhəmməd Şükürzadə (67 kiloqram), Fərid Xəlilov (72 kiloqram), Ruslan Nurullayev (77 kiloqram), Elmin Əliyev (82 kiloqram), Orxan Hacıyev (87 kilqoram), İsmayıl Rzayev (97 kiloqram) və Məzaim Mərdanov (130 kiloqram) mübarizə aparacaq.
Daha sonra qadın güləşçilər mübarizəyə qoşulacaqlar. Baş məşqçi əvəzi Toğrul Əsgərovun rəhbərliyi altında Nərgiz Səmədova (53 kiloqram), Gültəkin Şirinova (55 kiloqram) və Günay Qurbanova (59 kiloqram) xalça üzərinə çıxacaqlar.
Çempionatın son günlərində isə böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Salkazanovla Şərif Şərifovun rəhbərliyi altında sərbəst güləşçilər uğur qazanmağa çalışacaqlar. Heyətdə Vasif Bağırov (57 kiloqram), Ceyhun Allahverdiyev (61 kiloqram), Musa Ağayev (65 kiloqram), Ramik Heybətov (70 kiloqram), Ağanəzər Novruzov (74 kiloqram), Elcan İsmayılzadə (79 kiloqram), Səbuhi Əmiraslanov (86 kiloqram), Anar Cəfərli (92 kiloqram), Zəfər Əliyev (97 kiloqram) və Xetaq Karsanov (125 kiloqram) yer alıb.
Gündüz seansının qarşılaşmaları Bakı vaxtı ilə saat 21:30-da, axşam seansının görüşləri isə 04:45-də başlayacaq.
U-23 dünya çempionatında I-S dərəcəli hakim Bəşir İsazadə və I dərəcəli referi Əli Babayev ədaləti qoruyacaq.