Şok iddia: Ronaldu müqaviləni pozmağa hazır olub

İdman

04.02.2026 14:34

“Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu mövcud vəziyyətdən narazı qaldığı üçün müqaviləsini vaxtından əvvəl ləğv etmək ehtimalını nəzərdən keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə The Touchline nəşri X sosial şəbəkəsində məlumat yayıb. 

Bildirilir ki, Ronaldu klub daxilində təsir imkanlarının azaldığını düşünür və artıq əsas qərarların qəbulunda onun fikrinin əvvəlki kimi nəzərə alınmadığını hesab edir.

Mənbə qeyd edir ki, futbolçunun bu narazılığı son dövrlər Səudiyyə Ərəbistanı klubunda özünü xoşbəxt hiss etməməsi ilə bağlı yayılan xəbərlərlə də üst-üstə düşür.

Səudiyyə Ərəbistanının bəzi küçələrində “Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldunun “itkin düşməsi” ilə bağlı ironik elanlar peyda olub.


Elanlarda yerləşdirilən fotonun altında “ailəsi tərəfindən axtarılan, 40 yaşlı və təsəllisiz şəkildə ağlamağa məcbur qalan kişi” ifadəsi yer alıb.

Bu ironik addım son günlər Ronaldunun klubdakı vəziyyətdən narazı qalması və hətta müqaviləsini vaxtından əvvəl ləğv etmə ehtimalını nəzərdən keçirməsi ilə bağlı yayılan xəbərlərin fonunda diqqət çəkib.

Qeyd edək ki, Kriştianu Ronaldu 2023-cü ildən “Əl-Nəsr”in formasını geyinir. Onun klubla mövcud müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. “Real”, “Mançester Yunayted”, “Yuventus” və “Sportinq” kimi klubların sabiq futbolçusu olan Ronaldunun transfer dəyəri “Transfermarkt” portalında 12 milyon avro qiymətləndirilir. 

Namiq HUN

TodayPress TV

tag: Kriştianu Ronaldu,Əl-Nəsr,Klub,Müqavilə,Todaypress.tv,