“Qəbələ” çempionata maksimum hazırdır — Tsxadadze danışdı

İdman

13.01.2026 13:14

“Bizim üçün çox vacib olan xalları qazanmalıyıq”. 

TodayPress TV xəbər verir ki, “Qəbələ” klubunun baş məşqçisi Kaxaber Tsxadadze təlim-məşq toplanışı, yoxlama oyunları və yeni transferlərin durumu ilə bağlı klubun rəsmi saytına açıqlama verib.

Gürcüstanlı mütəxəssis əvvəlcə hazırlıq prosesinin gedişindən danışıb:

“Yanvarın 4-dən təlim-məşq toplanışına başlamışıq. Yüklənmələr kifayət qədər çoxdur. Qəbələdə hazırlıq keçmək üçün əla şərait var, bu səbəbdən heç yerə getmədik. Burada hər şey bizi qane edir. İlk yoxlama oyununu ‘Kəpəz’ə qarşı keçirdik və qalib gəldik. Təbii ki, səhvlər oldu, çünki bu, ilk oyun idi. Daha yaxşı çıxış etməliyik. Hamının vaxtı azdır, təxminən iki həftədən sonra çempionat başlayır. Qısa müddətdə həm fiziki, həm də oyun baxımından optimal formaya düşməliyik. Çempionata yaxşı hazırlaşıb bizim üçün çox vacib olan xalları qazanmalıyıq”.

Tsxadadze “Kəpəz”lə oyunda debüt edərək qol vuran yeni transfer İsmaeel Akinadenin çıxışını da dəyərləndirib:

“Akinadeyə bu oyunda şans verdik. Ona hələ vaxt lazımdır. Xüsusilə hücumameyilli futbolçuların adaptasiyası daha uzun çəkir. Müdafiəçi Seydina Keyta isə təəssüf ki, xəstələnmişdi və iki gün məşqlərdə iştirak edə bilmədi. Yeni transferlərin işə yanaşmasından razıyıq. Əsas məsələ onların komandaya tez uyğunlaşmasıdır. Hər ikisi təcrübəli futbolçudur və inanıram ki, qısa müddətdə adaptasiya olunacaqlar”.

Baş məşqçi transfer çalışmalarının davam etdiyini də vurğulayıb:

“Bəzi mövqelər var ki, onları mütləq gücləndirməliyik və bunun üzərində işləyirik. Ümid edirəm ki, yaxın vaxtlarda transferləri yekunlaşdıracağıq. Qarşıda iki yoxlama oyunumuz var - yanvarın 14-də ‘Araz-Naxçıvan’, 18-də isə ‘Baku Sportinq’lə qarşılaşacağıq. İnanıram ki, hər şey yaxşı olacaq”.

Namiq HUN

TodayPress TV

tag: Kaxaber Tsxadadze,Qəbələ,Klub,Futbol,Todaypress.tv,