Premyer Liqada XXV turun son matçında "Turan Tovuz" qalib gəldi
İdman
21.03.2026 18:07
Bu gün Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub.
TodayPress TV xəbər verir ki, turun son oyun günündə “Turan Tovuz” “Qəbələ” ilə qarşılaşıb.
Tovuz şəhər stadionu hazır olmadığına, komandanın son zamanlar ev oyunlarını keçirdiyi “Azərsun Arena” isə təmirə bağlandığına görə “Turan Tovuz” rəqibini Sumqayıtda qəbul edir.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüş erkən qolla start götürüb. Matçın 3-cü dəqiqəsində Hayderson Hurtado “Turan Tovuz”u hesabda irəli çıxarıb – 1:0.
Oyunda hesab bir daha 27-ci dəqiqədə dəyişib. “Qəbələ”nin heyətində Eşqin Əhmədov hesabı bərabərləşdirib – 1:1.
Matçın 49-cu dəqiqəsində yenidən Hayderson Hurtado səhnəyə çıxıb. Kolumbiyalı müdafiəçi özünün və komandasının ikinci qolunu vurub – 2:1.
Qarşılaşmanın 59-cu dəqiqəsində isə Joarlem Santos hesab arasındakı fərqi iki topa yüksəldib – 3:1.
90+7-ci dəqiqədə Roderik Miller avtoqol vuraraq hesabı 3:2 edib.
Qalan dəqiqələr ərzində oyunda hesab dəyişməyib və qarşılaşma elə “Turan Tovuz”un 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Cari mövsümün ilk iki dövrəsində “Turan Tovuz” rəqibini 1:0 və 3:0 hesabları ilə məğlub edib.
Qeyd edək ki, bu qarşılaşmadan sonra milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada aprelin 5-ə qədər fasilə yaranacaq.
Namiq HUN
tag: PL,Turan Tovuz,Qəbələ,FIFA,Todaypress.tv,
