“O, karyeranı bitirə bilər!” - Səmədovdan Murtazəliyev etirafı

İdman

27.01.2026 09:26

Dünya Boks Assosiasiyasının (WBA) reytinqində ikinci yüngül çəki dərəcəsində birinci pillədə yer alan Azərbaycan əsilli rusiyalı boksçu Elnur Səmədov, niyə bütün boksçuların məğlubedilməz Beynəlxalq Boks Federasiyası (IBF) çempionu, birinci orta çəkidə çıxış edən çeçen əsilli həmyerlisi Bəhram Murtazəliyevlə döyüşdən yayınmalarını izah edib.

TodayPress TV xəbər verir ki, bu barədə “championat.com” məlumat yayıb.

“Bəhramın nəyə qadir olduğunu bildiklərinə görə ondan qaçırlar. Bu boksçudan qorxurlar, çünki o kiminsə karyerasını poza, məğlubiyyətsiz seriyanı yarıda qoya bilər. Elə buna görə də ondan qaçırlar”, - deyə Səmədov bildirib.

2014-cü ildə rinqdə debüt edən Bəhramın peşəkar karyerasında 23 qələbə var və onların 17-si nokautla başa çatıb. 

Qeyd edək ki, Elnur Səmədov 1993-cü ilin avqustunda Azərbaycanda doğulub, həmin ilin oktyabrında isə Rusiyanın Noyabrsk şəhərinə köçüb. 2005-ci ildə boksla məşğul olmağa başlayıb, artıq 2007-ci ildə - 14 yaşında Rusiyanın yeniyetmələr arasında boks birinciliyində iştirak edib və ilk nailiyyətlər qazanıb.

16 yaşında Ümumrusiya və beynəlxalq turnirlərdə çıxış etməyə başlayıb. Həvəskarlar arasında müxtəlif yarışların qalibi olub. İlk peşəkar döyüşünü 19 avqust 2016-cı ildə keçirib və xallar üzrə qələbə qazanıb.

Ən vacib döyüşlərindən birini 2 fevral 2019-cu ildə çeçen əsilli rusiyalı boksçu, “Axmat” klubunun üzvü Vişxan Murzabekova qarşı keçirib. Çox parlaq və gərgin keçən qarşılaşmada döyüşün gedişatını öz xeyrinə dəyişərək qalib gəlib və titul qazanaraq peşəkarlar arasında yüngül çəkidə Rusiya çempionu olub.

Namiq HUN

tag: Elnur Səmədov,Azərbaycan,WBA,IBF,Todaypress.tv,