Narahat xəbərlər fonunda FIDE-dən qəti qərar: turnir köçürülməyəcək
İdman
17.03.2026 17:40
FIDE qarşıdan gələn şahmat üzrə İddiaçılar turnirinin Kiprdən başqa yerə köçürülməsini istisna edib.
TodayPress TV xəbər verir ki, qurumun baş direktoru Emil Sutovski “Chessbase India”ya müsahibəsində təşkilatın turnirin keçirilmə yerini dəyişmək üçün əsas görmədiyini dedyi:
“Planlar dəyişməyib. İki həftədən sonra start götürməli olan İddiaçılar turnirinin son hazırlıq mərhələsindəyik. Əlbəttə, vəziyyəti izləyirik və Kipr münaqişə zonasına yaxın olsa da, birbaşa bu proseslərə cəlb olunmayıb və müharibə vəziyyətində deyil. Fövqəladə hal yoxdur.
Təxminən 10 gün əvvəl narahatedici xəbərlər vardı. O vaxtdan bəri vəziyyət kifayət qədər sabit görünür. Biz sadəcə ehtimallara güvənmirik - hökumət rəsmiləri ilə əlaqədəyik və müxtəlif ssenariləri nəzərdən keçiririk. Hazırkı vəziyyət tədbirin təxirə salınması və ya başqa yerə köçürülməsi üçün heç bir əsas yaratmır”.
Qeyd edək ki, daha əvvəl hindistanlı şahmatçı Hampi Koneru Yaxın Şərqdəki gərginlik və Kiprdəki hərbi bazalara zərbələr səbəbindən İddiaçılar turnirindən imtina edə biləcəyini açıqlamışdı.
Namiq HUN
tag: FİDE,Şahmat,Turnir,Kipr,Todaypress.tv,
