“Mən yanıldım”: Skaut Lebronun böyüklüyünü etiraf etdi
İdman
16.01.2026 14:58
NBA skautlarından biri “Los-Anceles Leykers” klubunun yüngül forvardı Lebron Ceyms barədə fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə Lakers Daily nəşri məlumat yayıb.
Skautun sözlərinə görə, “Finiks Sans” və “Toronto Raptors”la oyunlardan sonra onun karyerasının bitdiyini düşündüyü anlar olub:
“Hər iki oyunda meydançanın hər iki tərəfində çox zəif görünürdü. Düşündüm ki, artıq zaman Lebronu yaxalayıb və onun üçün yolun sonu çatıb”.
Lakin həmin “Raptors” matçından dərhal sonra Ceymsin oyunu kəskin şəkildə dəyişib:
“O görüşdən sonra inanılmaz oynamağa başladı, sanki yenidən doğuldu. Hazırda yenə liqanın ən yaxşı 10 oyunçusundan biri kimi görünür. Bu, sadəcə möhtəşəmdir. Düşünürəm ki, bu səviyyədə bu qədər uzun müddət qala bilən başqa basketbolçu bir daha görməyəcəyik”.
Skaut əlavə edib ki, onu məyus edən yeganə məqam Lebronun “Leykers”də çıxış etməsidir:
“Təəssüf ki, o, “Leykers” forması geyinir. Azarkeşlərin çoxu onun böyüklüyünü lazımınca qiymətləndirməyəcək, çünki onlar üçün hər şeydən öncə Kobi Braynt dayanır. Halbuki Kobi özü Lebrona böyük hörmət edirdi”.
Sonda skaut etiraf edib ki, Lebronun artıq gerilədiyini düşündüyü üçün yanıldığını anlayıb və gördüklərinə hələ də inanmaqda çətinlik çəkir.
Xatırladaq ki, 2025-ci ilin dekabr ayının sonunda Kaliforniya təmsilçisinin veteran basketbolçusu 41 yaşını qeyd edib. Lebron mövsümün əvvəlini oturaq sinir problemi səbəbindən buraxıb.
Namiq HUN
tag: Los-Anceles Leykers,Lebron Ceyms,NBA,Basketbol,Todaypress.tv,
