Medal ümidi bitməyib: Rəşid Məmmədəliyev bürünc mükafat üçün savaşa çıxır!
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında mübarizəni təsəlliverici mərhələdə davam etdirəcək.
TodayPress TV xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən milli üzvü 1/4 finalda Fransa təmsilçisi Dayyan Bulemtapesə yenilib.
Buna baxmayaraq, cüdoçumuz medal şansını qoruyub saxlayır. R.Məmmədəliyev təsəlliverici qarşılaşmada İtaliya idmançısı Leonardo Valeriani ilə üz-üzə gələcək. İdmançımız bu döyüşdə qələbə qazanacağı təqdirdə, mundialın bürünc medalı uğrunda görüşə çıxmaq hüququ əldə edəcək.
Qeyd edək ki, təmsilçimiz 1/4 finala qədər Kanada cüdoçusu Castin Lemiri və Böyük Britaniya idmançısı Etan Nairini sıradan çıxarıb.
Yarışın üçüncü günündə tatamiyə çıxan qadın cüdoçumuz Xədicə Qədəşova (57 kq) isə 1/32 finalda Qırğızıstan təmsilçisi Janar Joldoşevaya uduzaraq dünya çempionatı ilə vaxtından əvvəl vidalaşıb.
Namiq HUN
