Saatlarla bahalı və təhlükəli əməliyyatları edən həkimlərə qalan qəpik-quruşlar - AÇIQLAMA
İcbari Tibbi Sığorta (İTS) çərçivəsində mürəkkəb və yüksək riskli əməliyyatlara görə həkimlərə edilən ödənişlər, xidmətlər paketinin tarifləri və tətbiq olunan mexanizmlər səhiyyə ictimaiyyətində geniş müzakirə olunur.
Məsələ ilə bağlı TodayPress TV-yə fikirlərini bölüşən cərrah Orxan Məmmədov sistemin maliyyə imkanlarının yüksək olduğunu, lakin inzibati və ödəniş mexanizmlərində təkmilləşdirmələrə ehtiyac duyulduğunu bildirib.
Ekspertin sözlərinə görə, İTS maliyyə baxımından dayanıqlı struktur olsa da, bəzi prosedurlar daha çevik və əlçatan olmalıdır:
"İcbari tibbi sığorta kifayət qədər gəlir gətirən və ödəniş imkanları olan bir sistemdir. Sadəcə olaraq, bu sistem çərçivəsində ödənişlər daha əlçatan və rahat olmalıdır. Hazırda, məsələn, özəl xəstəxanalara kvotaların verilməməsi vətəndaşlarda müəyyən narazılıq yaradır. Bəzən əməliyyatlarla bağlı problemlər ortaya çıxanda xəstənin yaxınlarına demək mümkün olmur ki, sığorta tərəfindən həmin əməliyyat üçün ödənilən məbləğ heç müəyyən tibbi ləvazimatların xərcini belə qarşılamır. Heç olmasa, bu məbləğin xəstənin yaxınlarına açıqlanması mümkün olmalıdır".
Cərrah əməliyyatların müddətinə və ya həkimin fərdi iş üslubuna görə fərqli tariflərin tətbiq edilməsinin doğru olmadığını, bunun sui-istifadə hallarına yol aça biləcəyini vurğulayıb:
"Əməliyyatlar standart paket əsasında hesablanır və ödənilir. Məsələn, eyni əməliyyatı bir həkim üç saata, digər həkim bir saata, başqa bir həkim isə bir saat yarıma həyata keçirə bilər. Sığorta şirkəti isə həkimə və ya əməliyyatın davametmə müddətinə görə fərqli məbləğ ödəyə bilməz. Çünki əməliyyat standart olmalıdır. Bunların hər birinə sığorta şirkəti tərəfindən fərqli məbləğ hesablanması düzgün olmaz".
Həkim qeyd edib ki, əgər ödəniş saatla müəyyən olunarsa, bu, tibbi etikaya zidd situasiyalar yarada bilər:
"Çünki belə olduğu halda həkimlər arasında müəyyən mənada bazarlıq yarana bilər. Bir saat ərzində əməliyyatı başa çatdıran həkim daha çox ödəniş almaq məqsədilə əməliyyatı qəsdən uzada bilər. Ona görə də ödəniş əməliyyatın davametmə müddətinə deyil, onun standartına əsasən müəyyənləşdirilməlidir".
Mövcud tariflərin bəzən mütəxəssisləri tam qane etmədiyini vurğulayan Orxan Məmmədov, həm həkimlərin çəkdiyi real xərclərin, həm də pasiyentlərin maraqlarının balanslaşdırılmasının vacibliyini diqqətə çatdırıb:
"Sadəcə, bəzi hallarda bu məbləğlər həkimləri tam qane etməyə bilər. Bir neçə saat davam edən ağır əməliyyatlara, gecə təcili müdaxilələrə və sonrakı günlərlə davam edən müalicəyə görə həkimə məbləğlər ödənilir. Bunun fonunda isə həkim xəstənin həyatına görə böyük peşəkar, hüquqi və mənəvi məsuliyyət daşıyır. Bu məsələdə əsas məqsəd həm vətəndaş üçün xidmətin əlçatanlığını və şəffaflığını təmin etmək, həm də həkim və tibb müəssisələrinin çəkdiyi real xərcləri nəzərə alan ədalətli ödəniş mexanizmi formalaşdırmaqdır".
Türkan İsgəndərli