Maklaren rəhbəri “Formula-1” mövsümünün favoritlərini açıqladı

İdman

06.02.2026 17:19

“Maklaren” rəhbəri Andrea Stella İspaniyada keçirilən mövsümöncəsi testlərdən sonra 2026-cı il “Formula-1” mövsümünün favoritləri barədə fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, komanda rəhbəri Barselonadakı testlərdən sonra qüvvələr balansını obyektiv qiymətləndirməyin çətin olduğunu bildirib. 

Onun sözlərinə görə, digər komandaların test proqramları, yanacaq yükləri və sınaq strategiyaları barədə tam məlumat olmadığı üçün dəqiq nəticə çıxarmaq mümkün deyil. Bundan əlavə, Barselonadakı hava və trek şəraiti yarış həftəsonlarından fərqlənib.

Stella qeyd edib ki, hazırda ən azı üç güclü rəqib diqqət çəkir — “Mercedes”, “Ferrari” və “Red Bull”. Xüsusilə Brekli təmsilçisi (“Mercedes”) performans baxımından yüksək səviyyə göstərib və “Maklaren” də eyni tempə çatmaq üçün ciddi çalışmalıdır.

Komanda rəhbərinin fikrincə, adı çəkilən komandaların fərqli mühərrik istehsalçıları ilə çıxış etməsi güc qurğuları arasında böyük performans fərqlərinin olmaya biləcəyinə işarə edir.

Stella vurğulayıb ki, bu mövsümdə həlledici amil komandaların mövcud paketdən maksimum faydalanmaq bacarığı və bolidin düzgün istiqamətdə inkişaf etdirilməsi olacaq. O əlavə edib ki, mövsümün əvvəlində görünəcək qüvvələr balansı böyük ehtimalla ikinci yarıdakı mənzərədən fərqlənəcək, çünki erkən mərhələdə aparılan inkişaf işləri böyük rol oynayır.

Namiq HUN

TodayPress TV

tag: Formula 1,Maklaren ,Andrea Stella,Favorit,Todaypress.tv,