Madrid Nadalı unutmur – yeni arena onun adı ilə ola bilər
İdman
31.03.2026 11:15
İspaniyanın paytaxtı Madriddə tikilməsi planlaşdırılan yeni tennis stadionu əfsanəvi tennisçi Rafael Nadalın şərəfinə adlandırıla bilər.
TodayPress TV xəbər verir ki, bu barədə Madrid “Masters” turnirinin direktoru Felisyano Lopes “Punto de Break” saytına açıqlama verib.
Onun sözlərinə görə, qərar hələlik yekunlaşmayıb və stadion sponsorun adı ilə də adlandırıla bilər. Bununla belə, təşkilatçılar üçün arenaya Nadalın adının verilməsi böyük şərəf sayılacaq.
Lopes qeyd edib ki, hazırda kompleksdə artıq Manolo Santana və Arançi Sançes Vikarionın adını daşıyan kortlar mövcuddur və bu siyahıya Rafael Nadalın da əlavə olunması xüsusi əhəmiyyət kəsb edərdi.
Planlaşdırılan yeni stadion 8000 tamaşaçı tutumuna malik olacaq. Bildirilib ki, hazırda bəzi oyunlara maraq çox yüksək olduğundan mövcud kortlarda yerlər kifayət etmir və azarkeşlər növbələrdə gözləməli olurlar. Yeni arena bu problemi aradan qaldıraraq turnirin imkanlarını xeyli genişləndirəcək.
Namiq HUN
tag: Rafael Nadal,İspaniya,Madrid,Stadion,Todaypress.tv,
