London planı pozuldu: Robertson transferində gözlənilməz dönüş
İdman
26.01.2026 09:19
“Liverpul” klubunun müdafiəçisi Endryu Robertsonun “Tottenhem Hotspur”a keçidi baş tutmayıb.
TodayPress TV xəbər verir ki, bu barədə insayder Ben Ceykobs X sosial şəbəkəsində məlumat yayıb.
Mənbənin məlumatına görə, mersisaydlılar “Tottenhem”in baş məşqçisi Tomas Franka bildiriblər ki, 31 yaşlı şotlandiyalı futbolçu üçün hələlik uyğun əvəzləyici tapılmayıb və bu səbəbdən transferə razılıq verilməyəcək.
Bildirilir ki, “Liverpul” bonuslar daxil olmaqla 5 milyon funt sterlinqdən (5,7 mln avro) çox olan “Tottenhem” təklifini qəbul edib və yunan müdafiəçi Kostas Çimikasın kluba geri qaytarılması variantını nəzərdən keçirib, lakin hazırda bu ideyadan imtina edib.
Yanvar ayının sonundakı transfer dəyişiklikləri Robertsonun London klubuna keçidi məsələsinə təsir göstərə bilər. Müdafiəçi transferə açıqdır, lakin bu keçiddə israr etmir.
Qeyd edək ki, Endryu Robertson 2017-ci ilin yayından etibarən “Liverpul”un heyətində çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 364 oyun keçirib, 12 qol vurub və 68 məhsuldar ötürmə edib. Transfermarkt portalında futbolçunun bazar dəyəri 12 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: London ,Robertson ,Liverpul,Tottenhem Hotspur,Todaypress.tv,
