Komandadaxili gərginlik: Leaonun aqressiyası transfer qərarı ilə nəticələndi
İdman
17.03.2026 17:13
“Milan” klubu 26 yaşlı vinger Rafael Leaonu transfer siyahısına çıxarıb.
TodayPress TV xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
Bildirilir ki, əvvəllər futbolçunun komandadan ayrılması istisna olunurdu. Lakin portuqaliyalının Serie A matçlarındakı son davranışları klub rəhbərliyinin fikrini dəyişib. Artıq “rossoneri” Leao üçün gələcək təklifləri dinləməyə hazırdır.
Futbolçunun müqaviləsində 170 milyon avroluq sərbəstqalma maddəsi olsa da, klub bu məbləğin ödənilməsinin real olmadığını anlayır. Buna görə də “Milan” 80 milyon avrodan başlayan təklifləri nəzərdən keçirməyə hazırdır.
Rəhbərlik üçün son damla “Latsio” ilə oyunda baş verən insident olub. Həmin qarşılaşmada baş məşqçi Massimiliano Alleqri 66-cı dəqiqədə Leaonu əvəzləyib. Futbolçu isə buna emosional reaksiya verərək onu sakitləşdirməyə çalışan komanda yoldaşlarını itələyib.
Qeyd edək ki, cari mövsümdə Leao “Milan”ın heyətində 24 oyuna çıxaraq 10 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. “Transfermarkt” portalında futbolçunun bazar dəyəri 70 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Rafael Leao,Milan,Transfer,Siyahı,Todaypress.tv,
