İnam dolu açıqlama: Qarabağ “Liverpul”la tarixi oyuna çıxır
İdman
28.01.2026 09:15
“Futbolçularım “Liverpul”la oyunda ən yaxşı çıxışlarından birini göstərəcəklər”
TodayPress TV xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VIII turunda “Liverpul”a qarşı keçiriləcək oyun öncəsi mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis əsas mərhələnin son matçına çıxacaqlarını vurğulayıb:
“Əsas mərhələnin son oyununa çıxırıq. Möhtəşəm stadionda və möhtəşəm azarkeşlər qarşısında oynayacağıq. Biz özümüzü “Liverpul”la oyuna kökləməliyik. Hər vaxt belə komandalarla və bu cür azarkeşlər qarşısında futbolun dadını tam hiss etmək olmur. Buna baxmayaraq, hər kəs özünü yaxşı tərəfdən göstərməli, nizamlı çıxış etməlidir. İngiltərədə yaxşı oyun sərgiləmək istəyirik. İnanıram ki, futbolçularım “Liverpul”la matçda ən yaxşı oyunlarından birini göstərəcəklər”.
Qeyd edək ki, “Liverpul” – “Qarabağ” qarşılaşması yanvarın 28-dən 29-na keçən gecə keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Namiq HUN
tag: Qarabağ,Liverpul,UEFA,Qurban Qurbanov,Todaypress.tv,
