Futbol əfsanəsinə böyük hörmət — xüsusi buraxılış təqdim edildi

İdman

09.04.2026 11:26

Anatoli Banişevskinin yubileyi ilə bağlı poçt markaları dövriyyəyə buraxılıb.

TodayPress TV xəbər verir ki, AFFAnın təşəbbüsü və Azərpoçt MMC-nin dəstəyi ilə Azərbaycanın əfsanəvi futbolçusu Anatoli Banişevskinin 80 illik yubileyi münasibətilə yeni poçt markaları təqdim olunub.

Yeni filateliya məhsulu futbolçunun zəngin idman irsini əks etdirir. Buraxılış bir poçt markasından ibarətdir. Eyni zamanda yubiley münasibətilə xüsusi poçt kartları da hazırlanıb.

Poçt blokunun tirajı 2500, poçt kartlarının tirajı isə 1000 ədəddir. Bu təşəbbüs Banişevskinin irsinin yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, Anatoli Banişevski XX əsrdə Azərbaycanın ən görkəmli futbolçularından biri olub. O, SSRİ milli komandasının heyətində 1966-cı il dünya çempionatında 4-cü yeri tutub, 1972-ci il Avropa çempionatında isə gümüş medal qazanıb. Klub səviyyəsində isə 1966-cı ildə Neftçinin tərkibində SSRİ çempionatının bürünc mükafatçısı olub.

SSRİ millisində 50-dən çox oyun keçirən Banişevski 1996-cı ildə “Şöhrət” ordeni ilə təltif olunub. 2004-cü ildə isə UEFAnın versiyasına görə Azərbaycanda son 50 ilin ən yaxşı futbolçusu seçilib.

Namiq HUN

TodayPress TV

tag: Anatoli Banişevski,Yubiley,Poçt,Marka,Todaypress.tv,