Futbol dünyası bir ulduzla vidalaşdı – Remsi getdi

İdman

07.04.2026 15:14

Uels millisinin kapitanı, “Arsenal” və “Yuventus”un sabiq yarımmüdafiəçisi Aaron Remsi peşəkar futbol karyerasını başa vurduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, 35 yaşlı futbolçunun son klubu Meksikanın “Pumas” olub və o, 2025-ci ildə bu komandadan ayrılıb.

Remsi qərarını belə şərh edib:

“Bu, asan qərar olmadı. Uzun düşüncələrdən sonra futbol karyeramı başa vurmağa qərar verdim.

İlk növbədə Uels barədə demək istəyirəm. Bu formanı geyinmək və bu qədər unudulmaz anlar yaşamaq mənim üçün böyük şərəf idi. Bu, məşqçilərin və məni dəstəkləyən hər kəsin sayəsində mümkün oldu.

Daha sonra çıxış etdiyim bütün klublara təşəkkür edirəm. Mənə kömək edən məşqçilərə və əməkdaşlara minnətdaram.

Və əlbəttə ki, həyat yoldaşıma, övladlarıma və ailəmə xüsusi təşəkkür edirəm. Sizin dəstəyiniz olmasaydı, bunların heç biri mümkün olmazdı”.

Qeyd edək ki, Aaron Remsi “Arsenal”ın heyətində üç dəfə İngiltərə Kubokunu və Superkubokunu qazanıb. “Yuventus” ilə isə İtaliya çempionu olub, həmçinin ölkə kuboku və superkubokunun qalibi adını qazanıb.

O, karyerası ərzində həmçinin “Kardiff Siti”, “Nottingem Forest”, “Reyncers” və “Nitsa” klublarında da çıxış edib.

Namiq HUN

TodayPress TV

tag: Arsenal,Yuventus,Aaron Remsi,Karyera,Todaypress.tv,