FIFA-dan etiraf: Azərbaycan futbolunda yeni dövr başlayır

İdman

04.04.2026 09:18

Azərbaycan “FIFA Series” pilot turnirindəki uğuru ilə 2027-ci il  hədəfini müəyyənləşdirdi.

TodayPress TV xəbər verir ki, FIFA rəsmi saytında Azərbaycan yığma komandasının “FIFA Series 2026” turnirində uğurlu çıxışını yüksək qiymətləndirib.

Bildirilib ki, Azərbaycan yığması həm nəticələr, həm də təşkilatçılıq baxımından turniri uğurla keçirib. Komanda Sent-Lusiya üzərində 6:1 hesablı qələbə qazanıb, Sierra Leone ilə 1:1 hesablı heç-heçədən sonra penaltilərdə üstün olub.

Qeyd olunub ki, bu nəticələr milliyə həm təcrübə, həm də özünəinam qazandırıb. Eyni zamanda Azərbaycan FIFA reytinq cədvəlində 3 pillə irəliləyərək 124-cü yerə yüksəlib.

Məqalədə Azərbaycan futbolunun inkişafında AFFA və FIFA-nın “Forward” proqramının rolu xüsusi vurğulanıb. VAR sisteminin tətbiqi və infrastruktur layihələri bu inkişafın əsas hissəsi kimi qeyd edilib.

Həmçinin Azərbaycanın FIFA U-20 World Cup 2027 turnirinə Özbəkistanla birgə ev sahibliyi edəcəyi diqqətə çatdırılıb. Bu yarış ölkə futbolunun inkişafı üçün mühüm mərhələ kimi qiymətləndirilib.

Namiq HUN

TodayPress TV

tag: FİFA,Azərbaycan ,Futbol,Klub,Todaypress.tv,