Elmin Əliyevdən möhtəşəm dönüş – Avropa çempionu oldu!

İdman

16.03.2026 09:10

Serbiyada keçirilən U-23 Avropa çempionatı başa çatıb.

TodayPress TV xəbər verir ki, Zrenyanin turnirinin son günündə yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kq çəki dərəcələrində medalçılar müəyyənləşib.

Elmin Əliyev (82 kq) finalda gürcüstanlı Tornike Mikeladzeylə qarşılaşıb. Rəqib 2:0 hesabı ilə önə keçsə də, güləşçimiz mübarizədən qopmayıb. Təşəbbüsü ələ alan Əliyev yekunda 3:2 hesablı qələbə qazanaraq U-23 Avropa çempionatının qalibi olub.

Fərid Xəlilov (67 kq) bürünc medal uğrunda mübarizədə macarıstanlı Petro Jitovozla üz-üzə gəlib. Qarşılıqlı xalların qeydə alındığı görüşdə 5:3 hesablı qələbə qazanan Xəlilov fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Fəraim Mustafayev (72 kq) bürünc medal görüşündə rumıniyalı Leonard Yurasku ilə qarşılaşıb. Görüşün əvvəlində 0:4 hesabı ilə geri düşən Mustafayev əzmkarlıq nümayiş etdirərək 5:4 hesablı qələbə qazanıb və millinin aktivinə daha bir medal yazdırıb.

Ayxan Cavadov (60 kq) isə bürünc medal uğrunda görüşdə ukraynalı Yevgeni Pokovbaya 1:3 hesabı ilə məğlub olub və debüt etdiyi yarışı 5-ci pillədə tamamlayıb.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçisi Fərid Sadıxlı (55 kq) gümüş, İlkin Qurbanov (63 kq) isə bürünc medal qazanıb.

Beləliklə, yunan-Roma güləşi üzrə Azərbaycan millisi U-23 Avropa çempionatını 1 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub. Komandamız 100 xalla komanda hesabında 4-cü yeri tutub.

Namiq HUN

TodayPress TV

tag: Elmin Əliyev,U-23,Güləş,Qalib,Todaypress.tv,