Dram, rekord və tarix: “Qarabağ” Avropada yeni zirvədə
İdman
29.01.2026 09:20
Bir seriya başa çatdı, amma Çempionlar Liqasında dram hələ yeni başlayır. Növbəti tarixini isə “Qarabağ” üçün “Enfild” fiaskosu yazdı. Daha dəqiq desək, çempionumuz üçün Liqa mərhələsinin son ştrixi “pley-off”a həsrət qalan mövsümi tanışların köməyi ilə tamamlandı.
Bonus paket “köhlən atlar”a “Atletik Bilbao”, “Napoli” və “Kopenhagen”dən gəldi. Bəli, “Qarabağ” mersisaydlılardan aldığı 0:6 hesablı ağır məğlubiyyətə baxmayaraq, Avropanın ən nüfuzlu klub turnirinin pley-off mərhələsinə vəsiqə qazanmağı bacardı.
Qollar var, rekordlar da yerindədir. Belə ki, “Qarabağ” son 10 il ərzində MDB klubları ilə müqayisə olunmayan bir uğura imza atdı. Azərbaycan çempionu 10 il ərzində Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn ilk MDB komandası oldu.
Xatırladaq ki, Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan son MDB klubu 2016-cı ildə 1/8 finala yüksələn Rusiyanın “Zenit”i olmuşdu.
Bundan başqa, tarixdə ilk dəfə olaraq Azərbaycandan bir komanda Çempionlar Liqasının 1/8 final mərhələsinə yüksəlmək üçün pley-offda mübarizə aparacaq.
Liqa mərhələsini 22-ci pillədə başa vuran Ağdam təmsilçisinin pley-offdakı rəqibi yanvarın 30-da keçiriləcək püşkatmadan sonra bəlli olacaq. Kor püşk “Qarabağ”ı ya PSJ, ya da “Nyukasl Yunayted”lə üz-üzə qoya bilər.
Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinin oyunları fevralın 17–18-də və 24–25-də keçiriləcək.
Namiq HUN
tag: Qarabağ ,Rekord ,Çempionlar Liqası,“Nyukasl Yunayted”,Todaypress.tv,
