Darmadağın qələbə və liderlik: Süleymanlı Veyk-an-Zedə parlayır
İdman
29.01.2026 15:49
Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı dünya reytinqində mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
TodayPress TV İdman.Biz-ə istinadən xəbər verir ki, Niderlandda keçirilən “Tata Steel Challengers” turnirində uğurlu çıxış edən şahmatçı 20 pillə irəliləyərək onlayn reytinqdə 80-ci yerə yüksəlib.
Veyk-an-Zedə təşkil olunan turnir ərzində Aydın Süleymanlı 6 qələbə qazanıb ki, bu da ona 15,2 reytinq xalı qazandırıb.
Hazırda Elo göstəricisi 2643,2 olan qrossmeyster “Tata Steel Challengers” turnirinin X turunda qara fiqurlarla İspaniyanı təmsil edən Daniil Yuffanı məğlub edib. 23-cü gedişdə əldə olunan qələbə şahmatda darmadağın hesab olunur.
Ardıcıl üçüncü qələbə Aydın Süleymanlıya turnirdə vahid liderliyə yüksəlmək imkanı verib. Azərbaycanlı şahmatçı ən yaxın izləyiciləri — Mark Andrea Maurizzi (Fransa) və Endi Vudvortanı (ABŞ) yarım xal qabaqlayır.
XI turda gənc qrossmeysterin rəqibi tanınmış ukraynalı şahmatçı Vasili İvançuk olacaq.
Qeyd edək ki, “Challengers” turnirinin qalibi növbəti il Veyk-an-Zedə keçiriləcək şahmat festivalının əsas yarışı olan “Masters” turnirində çıxış etmək hüququ qazanacaq.
Namiq HUN
tag: Aydın Süleymanlı,Tata Steel Challengers,Turnir,Çıxış,Todaypress.tv,
