Cokoviçə dəstək: əfsanə tənqidlərə cavab verdi
İdman
18.03.2026 16:33
“Böyük Dəbilqə” turnirlərinin 8 qat qalibi olan amerikalı Cimmi Konnors serbiyalı tennisçi Novak Cokovicin karyerasını bitirməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Tennis World USA” məlumat yayıb.
“İnsanların onun getməli olduğunu deməsi xoşuma gəlmir. Bunu deyə biləcək yalnız bir nəfər var – o da özüdür. Heç kim bir insanın bu qədər sevdiyi şeyi onun əlindən ala bilməz.
Onun necə oynadığı rekordlarından, bu oyundan aldığı zövqdən görünür. Eyni zamanda özünü qane edən səviyyədə qalmağa çalışır. Məncə, əsas məsələ də budur.
O, heç kimə xoş gəlmək məcburiyyətində deyil. Mənə də yox – mən sadəcə izləyiciyəm. O, yalnız özünü qane etməlidir. Əgər korta çıxıb əlindən gələni etdiyini hiss edirsə – ki, görünür hər gün belə edir – bundan artıq heç nə tələb olunmur”, – deyə Konors bildirib.
Qeyd edək ki, 38 yaşlı Novak Cokovic çiyin zədəsinə görə “Mayami Open”dən geri çəkilib. O, ötən il bu turnirdə finala yüksəlmiş və həlledici görüşdə Yakub Mensikə uduzmuşdu.
Namiq HUN
tag: Böyük Dəbilqə,Cimmi Konnors,Novak Cokovic,Karyera,Todaypress.tv,
