“Çelsi”də şok gözlənti: Mudriki uzun diskvalifikasiya gözləyir?

İdman

24.01.2026 09:15

İngiltərə Futbol Assosiasiyası daha əvvəl dopinq-testinin müsbət çıxması ilə gündəmə gələn ukraynalı yarımmüdafiəçi, “Çelsi” klubunun futbolçusu Mixail Mudrikin işi üzrə rəsmi araşdırmaya başlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın “Çempion” nəşri məlumat yayıb.

Bildirilir ki, proses artıq iki həftədir davam edir və yaxın zamanda futbolçunun gələcək karyerasına birbaşa təsir göstərəcək rəsmi qərarın açıqlanması gözlənilir.

Xatırladaq ki, 2024-cü ilin dekabrında Mudrikin dopinq nümunəsində qadağan olunmuş maddələr siyahısına daxil olan meldonium aşkar edilib. 

Həmin vaxta qədər futbolçu “Çelsi”nin heyətində 73 oyun keçirib, 10 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Ukraynalı futbolçunun iştirak etdiyi son rəsmi matç 2024-cü ilin noyabr ayının sonuna təsadüf edir. Həmin görüşdə “Çelsi” Konfrans Liqasının 2024/25 mövsümünün qrup mərhələsində “Haydenhaym” klubu ilə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb. Mudrik həmin oyunda qol müəllifi olub.

Namiq HUN

TodayPress TV 

tag: İngiltərə Futbol Assosiasiyası,“Çelsi”,Mixail Mudrikin ,dopinq-testi,Todaypress.tv,