Böyük dönüş ehtimalı: Luis Enrike La Liqaya qayıdır

İdman

17.01.2026 10:30

“Pari Sen-Jermen” klubunun baş məşqçisi Luis Enrike 2026-cı ilin yayında Madrid “Real”ını çalışdıra bilər. 

TodayPress TV xəbər verir ki, bu barədə X sosial şəbəkəsində Topskills Sports UK hesabı məlumat yayıb.

Mənbənin məlumatına görə, Enrike yeni kluba baş məşqçi kimi gəlməyə açıqdır, lakin bunun üçün futbolçular, transferlər və idmanla bağlı bütün qərarlar üzərində tam nəzarətə malik olmaq şərtini irəli sürür. Qeyd olunur ki, ispan mütəxəssis La Liqaya qayıtmaq ehtimalına ciddi yanaşır.

Xatırladaq ki, Luis Enrike 2014–2017-ci illərdə “Barselona”nın baş məşqçisi olub. Onun rəhbərliyi altında Kataloniya təmsilçisi Çempionlar Liqasını, Klublararası Dünya Çempionatını, UEFA Superkubokunu qazanıb, iki dəfə İspaniya çempionu olub, üç dəfə Kral Kubokunu və bir dəfə İspaniya Superkubokunu əldə edib.

2023-cü ilin yayından etibarən Enrike “PSJ”ni çalışdırır. Paris klubu ilə o, Çempionlar Liqasını qazanıb, Qitələrarası Kubokda, UEFA Superkubokunda qalib gəlib, həmçinin Fransa çempionatını, Kubokunu və Superkubokunu iki dəfə qazanıb. Enrike bundan əvvəl “Selta”, “Roma” klublarında və İspaniya millisində də baş məşqçi kimi çalışıb.

Namiq HUN

TodayPress TV

tag: Luis Enrike,Real Madrid,Klub,Futbol,Todaypress.tv,