“Barselona” ulduzunu itirə bilər – nəhənglər hərəkətdə
İdman
04.04.2026 10:15
“Barselona” klubunun sağ cinah müdafiəçisi Jül Kunde klubunu dəyişə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
Fransalı futbolçuya “Liverpul”, “Mançester Siti” və “Çelsi” klubları maraq göstərir. Xüsusilə mersisaydlılar müdafiəni daha etibarlı oyunçu ilə gücləndirmək istəyir, çünki Jeremi Frimponq daha çox hücuma yönəlmiş futbolçudur. Mənbənin məlumatına görə, “qırmızılar” Kunde üçün təxminən 80 milyon avro təklif etməyə hazırdır.
“Barselona”da 27 yaşlı futbolçu yüksək qiymətləndirilir və onu komandada saxlamaq istəyirlər. Lakin ciddi təklif olacağı halda maliyyə baxımından rəqabət aparmağın çətin olacağı başa düşülür.
Transfer baş tutarsa, “Barselona” əldə olunan vəsaiti heyətin gücləndirilməsinə yönəltməyi planlaşdırır. Siyahıda “Atletiko”nun hücumçusu Xulian Alvares və “İnter”in müdafiəçisi Alessandro Bastoni yer alır.
Kundenin əvəzi kimi isə “blauqrana” Joau Kanselunun müqaviləsinin uzadılması və ya “Yuventus”un müdafiəçisi Andrea Kambyazonun transferini nəzərdən keçirir.
Qeyd edək ki, Kunde 2022-ci ilin iyulundan “Barselona”da çıxış edir. O, “Sevilya”dan transfer olunub. Cari mövsümdə futbolçu 40 oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Barselona,Jül Kunde,Liverpul,Mançester Siti,Çelsi,Todaypress.tv,
