Azərbaycanlı gənc pilot “Formula 4” testlərində diqqət mərkəzində
İdman
16.03.2026 10:29
16 yaşlı azərbaycanlı pilot Davin Cəfərov Portimaoda keçirilən “Formula 4 testləri”ni uğurla başa vurub.
TodayPress TV xəbər verir ki, ikinci test sessiyası Portuqaliyanın məşhur Autódromo Internacional do Algarve trasında təşkil olunub.
Kartinq karyerasında qazandığı uğurlardan sonra Davin artıq peşəkar motorsportun növbəti mərhələsinə — “Formula” tipli təkoturacaqlı bolid yarışlarına keçid edib. Portimao testləri onun üçün “Formula 4” kimi yüksək rəqabətli mühitə uyğunlaşmaq baxımından mühüm mərhələ hesab olunur.

Gənc pilot testlər zamanı “McLaren”, “Mercedes”, “Aston Martin” və digər tanınmış komandalarla əlaqəli sürücülərlə eyni trası bölüşərək hər gün beş intensiv sessiyada iştirak edib. Bu sessiyalar Davinə mühəndislərlə yaxından işləməyə, sürücülük üslubunu təkmilləşdirməyə və “Formula 4” bolidinin performans imkanlarını daha dərindən anlamağa imkan yaradıb.

Çətin şəraitə və sessiyalar zamanı digər pilotların iştirakı ilə baş verən bir neçə qəzalara baxmayaraq, Davin bütün çıxışlarını heç bir qəza olmadan uğurla tamamlayıb. Onun intizamı, diqqəti və yüksək yarış düşüncəsi bir sıra komanda üzvləri və mühəndislərin də diqqətini cəlb edib. Onlar beynəlxalq istedadlar arasında inamla yarışan azərbaycanlı pilotun çıxışını xüsusi qeyd ediblər.
Bununla belə, Davin mart ayında “Formula Winter Series” çərçivəsində Barselona şəhərində keçiriləcək final yarışında iştirak edə bilməyəcək. Buna səbəb bu səviyyəli motorsport yarışlarında iştirak üçün tələb olunan sponsor dəstəyinin yetərli olmamasıdır.

Gənc pilot hazırda simulyator məşqləri, fiziki və psixoloji hazırlıq üzərində aktiv şəkildə çalışır. Davin Cəfərov uzunmüddətli məqsədinə — Azərbaycanı beynəlxalq motorsportun ən yüksək səviyyələrində təmsil etməyə fokuslanıb.
Namiq HUN
tag: Davin Cəfərov,Formula 4,Portimao,Test,Todaypress.tv,
