Azərbaycanın gözü Milanda: Qış Olimpiadası rəsmi start alır
İdman
06.02.2026 09:52
Bu gün İtaliyada XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.
TodayPress TV xəbər verir ki, tədbir Milandakı məşhur “San-Siro” stadionunda baş tutacaq və yerli vaxtla saat 20:26-da başlayacaq.
Milan və Kortina-d’Ampezzo şəhərlərinin birgə ev sahibliyi edəcəyi Olimpiadada idmançılar 16 idman növü üzrə 116 medal dəsti uğrunda mübarizə aparacaqlar.
XXV Qış Olimpiya Oyunlarının proqramına bir sıra yeniliklər əlavə edilib. Skeleton üzrə qarışıq komanda yarışları, sərbəst xizəksürmədə kişilər və qadınlar arasında “mogul” yarışları proqramda yer alıb. Bundan başqa, xizək alpinizmi Olimpiya proqramına daxil edilən yeni növdür və kişilər, qadınlar arasında sprintlər, eləcə də komanda yarışlarını əhatə edir.
Azərbaycan Olimpiadada iki idmançı ilə təmsil olunacaq. Anastasiya Papatoma dağ xizəyi, Vladimir Litvintsev isə fiqurlu konkisürmə yarışlarında çıxış edəcək.
Fiqurlu konkisürmə yarışları fevralın 6-da, dağ xizəyi üzrə turnir isə fevralın 7-də start götürəcək. Hər iki idmançı açılış və bağlanış mərasimlərində Azərbaycan bayrağını daşıyacaq.
XXV Qış Olimpiya Oyunları fevralın 22-də başa çatacaq.
Namiq HUN
tag: Milan,Olimpiya,Oyun,İtaliya,Todaypress.tv,
