AVROPANIN FUTBOL NƏHƏNGLƏRİ – MUNDİAL ÖNCƏSİ TANIDIM
İdman
01.04.2026 15:09
Bu il keçiriləcək futbol üzrə dünya çempionatında Avropanı 16 milli komanda təmsil edəcək. Onlardan 12-si qrup qalibi kimi birbaşa final mərhələsinə vəsiqə qazanıb, qalan 4 yerin sahibi isə pley-off oyunlarında müəyyənləşib.

Qrup mərhələsinin yekunlarına əsasən Avstriya, İngiltərə, Belçika, Almaniya, İspaniya, Niderland, Norveç, Portuqaliya, Fransa, Xorvatiya, İsveçrə və Şotlandiya mundiala birbaşa vəsiqə əldə edib. Bosniya və Herseqovina, Türkiyə, Çexiya və İsveç isə pley-off mərhələsindən keçərək bu siyahıya qoşulub.
Avropadan final mərhələsinə vəsiqə qazanan komandalar haqqında məlumatı təqdim edirik.
AVSTRİYA
H qrupunun qalibi 1954-cü ildə dünya çempionatında 3-cü yeri tutub. Avstriya millisi səkkizinci dəfə mundialın final mərhələsinə vəsiqə qazanıb. O, 1998-ci ildən sonra ilk dəfə bu şərəfə nail olub. Komanda Ralf Ranqnikin rəhbərliyi altında qrupda Bosniya və Herseqovina və Rumıniya millilərini qabaqlayıb. Təcrübəli hücumçu Marko Arnautoviç seçmə mərhələdə 8 qol vurub.
BELÇİKA
J qrupunun qalibi 2018-ci ildə mundialda 3-cü yerə sahib olub. Belçika ardıcıl dördüncü dəfə mundiala vəsiqə qazanıb. Komanda Lixtenşteyn üzərində 7:0 hesablı qələbə ilə bunu rəsmiləşdirib. Kevin De Bruyne, Jeremi Doku və Şarl De Ketelare kimi futbolçular komandanın əsas ümidləridir.
BOSNİYA VƏ HERSEQOVİNA
Pley-offdan adını dünya çempionatına yazdıran Bosniya və Herseqovina tarixində ikinci dəfə mundiala qatılacaq. Komanda Uels və İtaliya üzərində penaltilərlə qələbə qazanıb. 40 yaşlı kapitan Edin Dzeko hələ də millinin əsas fiqurudur.
İNGİLTƏRƏ
![]()
K qrupunun qalibi 1966-cı ildə mundialda çempion olub. İngiltərə millisi Tomas Tuxelin rəhbərliyi altında seçmə mərhələdə keçirdiyi 6 oyunda 18 xal toplayıb. Komanda əsasən lider Harri Keynin ön xətdəki oyununa güvənir.
ALMANİYA

A qrupunun qalibi 1954, 1974, 1990 və 2014-cü illərdə dünya çempionu olub. Almaniya seçmənin əvvəlində Slovakiyaya uduzsa da, sonda mundiala qrup qalibi kimi yüksəlib. Yeni nəsil – Florian Virts, Camal Musiala və Nik Völtemade komandanı irəli aparır.
İSPANİYA

E qrupunun qalibi 2010-cu ildə dünya çempionu olub. Avropa çempionu İspaniya seçmə mərhələdə demək olar ki, səhvsiz çıxış edib. Luis de la Fuentenin komandası turnirin favoritlərindən sayılır. Komandada Mikel Merino və Mikel Oyarzabal xüsusilə seçilib.
NİDERLAND

G qrupunun qalibi 1974, 1978 və 2010-cu illərdə mundialın finalına çıxıb. Niderland Polşanı qabaqlayaraq vəsiqə qazanıb. Memfis Depay hücumda, Vircil van Deyk isə müdafiədə əsas fiqurdur.
NORVEÇ

I qrupunun qalibi olan Norveç millisi uzun fasilədən sonra mundiala qayıdır. Erlinq Haaland seçmə mərhələdə 16 qolla adından söz etdirib.
PORTUQALİYA

F qrupunun qalibi olan Portuqaliya 1966-cı ildə mundialda 3-cü yeri tutub. Komanda ardıcıl yeddinci dəfə dünya çempionatına vəsiqə qazanır. Kristiano Ronaldo hələ də komandanın liderlərindəndir.
TÜRKİYƏ

Pley-off mərhələsindən turnirə vəsiqə qazanan Türkiyə 2002-ci ildə mundialda 3-cü olub. “Ay-ulduzlular” Vinçenzo Montellanın rəhbərliyi altında uzun fasilədən sonra yenidən mundiala qayıdır. Hakan Çalhanoğlu, Kenan Yıldız və Arda Güler əsas fiqurlardır.
FRANSA

D qrupunun qalibi 1998 və 2018-ci illərdə dünya çempionu olub. Didye Deşamın rəhbərliyi ilə Fransa ardıcıl üçüncü final hədəfləyir. Kilian Mbappe komandanın lideridir.
XORVATİYA

L qrupunun qalibi 2018-ci ildə mundialın gümüş medalçısı olub, 2022-ci ildə isə ilk üçlükdə yer alıb. Zlatko Daliçin rəhbərliyi altında komanda sabit çıxış edir. Luka Modriç 40 yaşında da liderdir.
ÇEXİYA

Pley-offdan mundiala vəsiqə qazanan komanda 1934 və 1962-ci illərdə Çexoslovakiya adı ilə final oynayıb. Bu dəfə isə Çexiya Miroslav Koubekin rəhbərliyi ilə turnirə qatılır.
İSVEÇRƏ

B qrupunun qalibi olan İsveçrə ardıcıl altıncı dəfə mundialda çıxış edəcək. Qranit Caka, Manuel Akanji və Brel Embolo komandanın əsas oyunçularıdır.
İSVEÇ

Pley-offdan vəsiqə qazanan İsveç 1958-ci ildə mundialın finalına yüksəlib. Qrem Potter komandanı yenidən dünya çempionatına qaytarıb. Viktor Gyokereş və Aleksander Isak hücumda əsas gücdür.
ŞOTLANDİYA

C qrupunun qalibi uzun fasilədən sonra mundiala qayıdır. Stiv Klarkın rəhbərliyi altında komanda sabit çıxışı ilə diqqət çəkir. Şotlandiya millisində Endi Robertson əsas fiqurlardandır.

Planetin ən mötəbər futbol turnirinin final mərhələsi 11 iyun – 19 iyul tarixlərində Kanada, Meksika və ABŞ-də keçiriləcək.
Namiq HUN
tag: DÇ,2026,Çempionat,Komanda,Todaypress.tv,
