Silah tədarükünə qoyulan məhdudiyyətlər aradan qaldırıldı – Hərb sahəsinə necə təsir edəcək?

Hərbi

17.02.2026 16:43

Azərbaycan Prezidenti İlham Əliyev Münxendə "France 24" telekanalının müxbirinə müsahibəsində ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin ölkəmizə səfəri ilə bağlı danışıb.  


O bildirib ki, bu səfər Birləşmiş Ştatlar və Azərbaycan hökumətləri arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması ilə əlamətdar olub. 

"Bu Strateji Xartiya mətbuatda dərc olunub, o, müxtəlif bölmələrdən ibarətdir. Onlardan biri müdafiə məhsullarının satışı ilə bağlıdır, amma təkcə bu deyil. Buraya enerji, rabitə, süni intellekt, investisiya və ticarət daxildir, həmçinin Azərbaycana silah tədarükü ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb". 

Maraqlıdır, bu addım ölkəmizin hərb sahəsinə necə təsir edəcək?

Mövzu ilə bağlı Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, hərbi ekspert Ədalət Verdiyev TodayPress TV-yə danışıb.


O bildirib ki, Azərbaycanla ABŞ arasında mühüm əhəmiyyət kəsb edən strateji tərəfdaşlıq haqqında Xartiyanın imzalanması, eyni zamanda da 907-ci düzəlişin aradan qaldırılması hər iki ölkə arasında bütün sahələrdə, o cümlədəndə müdafiə, təhlükəsizlik, terrorçuluqla mübarizə, hərbi, hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək. 

"Görünən odur ki, belə bir müqavilənin imzalanmasından sonra ABŞ ilə Azərbaycan arasında həm müdafiə sənayesi məhsullarının qarşılıqlı ixracatı, eyni zamanda da birgə müəssisələrin yaradılması məsələsi də gündəmə gələcək. Əvvəllər də Azərbaycandan ABŞ-yə müəyyən miqdarda müdafiə sənayesi məhsulları ixrac olunmuşdu". 

Ekspert vurğulayıb ki, mövcud sənədlərin imzalanmasından sonra ixracatın miqdarı və əməkdaşlığın miqyası daha da genişlənəcək. Bu, eyni zamanda ABŞ müdafiə sənayesi texnologiyalarının Azərbaycana transferini də özündə ehtiva edəcək.

Nicat Osmanlı

TodayPress TV

tag: Ədalət Verdiyev,Hərbi ekspert,ABŞ,Azərbaycan,Todaypress.tv,