Almaniya YENİ HÜCUM TÜFƏNGİ ilə silahlanır: G95A1 xidmətdə!
Hərbi
12.03.2026 18:48
Almaniya Silahlı Qüvvələri (“Bundesver”) uzun illər davam edən G36 tüfənginin əvəzlənməsi prosesini başa çatdıraraq, yeni standart hücum tüfəngi sisteminə keçid edir.

“Heckler & Koch” şirkətinin istehsalı olan HK416 A8 modelinə əsaslanan G95A1 və qısa versiyası G95KA1 artıq qoşunlara paylanmaya başlayıb.
2025-ci ilin dekabr ayında “Grafenwöhr” təlim poliqonunda keçirilən rəsmi mərasimdə “Bundesver”in əsgərlərinə ilk partiya tüfənglər təhvil verilib. Bu, “Bundesver”in G36-dan sonra 30 ildən artıq müddətdə ilk dəfə yeni standart silah qəbul etməsi deməkdir.
![]()
Silahın rəsmi istehsalçı şirkəti “Heckler & Koch”un açıqlamasına görə, silah HK416 A8 platformasına əsaslanır və ordu üçün xüsusi olaraq G95A1 və G95KA1 adlandırılıb.
İlk sifariş çərçivəsində 13 929 ədəd G95A1 və 3 104 ədəd G95KA1 modeli alınacaq.

Uzunmüddətli planda isə 250 minə qədər tüfəngin alınması nəzərdə tutulur.
G95A1-in əsas üstünlükləri:
- Qısa vuruşlu qaz piston sistemi (etibarlılıq və təmizlik baxımından M4-dən üstün)
- Metal konstruksiya (G36-da plastik korpusun istilik və dəqiqlik problemlərini həll edir)
- Modulyar rels sistemi (HKey və ya M-LOK), ambidextrous (həm sağ, həm də sol əllə istifadə oluna bilməsi) idarəetmə
- Tənzimlənən qundaq və yanaq dayağı
- 5.56×45 mm NATO patronu, effektiv məsafə 450–600 metr

Maraqlıdır ki, 2017-ci ildə başlayan tender prosesi məhkəmə çəkişmələri və rəqib şirkətlə (“Haenel”) mübahisələr səbəbindən ləngiyib. 2021-ci ildə HK416 A8 qalib gəlib. 2023-cü ildə müqavilə bağlanıb, 2025-ci ildə isə ilk seriya tədarüklərə başlanılıb.

“Bundesver” rəsmiləri yeni silahın dəqiqlik, etibarlılıq və modulyarlıq baxımından "yeni standart" təşkil etdiyini vurğulayırlar. Tüfənglər müxtəlif iqlim zonalarında (Arktika, səhra, tropik) sınaqdan keçirilib və "over-the-beach" qabiliyyətinə malikdir – sudan çıxandan dərhal sonra atəş aça bilir.
Almaniya ilə yanaşı, HK416 platforması Fransa (HK416F), Norveç, ABŞ Dəniz Piyadaları (M27) və bir çox NATO ölkəsinin xüsusi qüvvələrində istifadə olunur.

G95A1-in tam inteqrasiyası 2031-ci ilə qədər planlaşdırılır. Bu, “Bundesver”in modernləşmə proqramının əsas addımlarından biridir və Almaniya ordusunun döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırmaq məqsədi daşıyır.
Nicat Osmanlı
tag: Bundesver,G36,HK416 A8,G95A1 ,Todaypress.tv,
