Yanğında xəsarət alan şəxsin SON DURUMU açıqlandı - YENİLƏNDİ 4
Hadisə
17.02.2026 16:28
L.Tolstoy 7 küçəsində baş verən yanğın nəticəsində Təcili tibbi yardım briqadası tərəfindən bədənin müxtəlif nahiyələrinin II-III dərəcəli termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 63 yaşlı qadının son durumu açıqlanıb.
Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Respublika Yanıq Mərkəzindən məlumat verib.
Bildirilib ki, zəruri tibbi yardım göstərilən şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.
Qiymət Mahir
***
14:38
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsində yaşayış binasında baş vermiş yanğın tam söndürülüb.
TodayPress TV xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
***
13:05
Bakının Lev Tolstoy küçəsində yerləşən yaşayış binasında baş verən yanğın nəzarət altına alınıb.
Bu barədə TodayPress TV-yə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, binanın taxta araskəsmələrdən ibarət olması yanğının söndürülməsi işlərini çətinləşdirib.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.
Hazırda yanğınla mübarizə əməliyyatı davam edir.
***
13:00
Səbail rayonu, L. Tolstoy 7 küçəsində baş verən yanğında 63 yaşlı qadın bədənin müxtəlif nahiyələrində II-III dərəcəli termiki yanıq xəsarəti alıb.
Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına beş təcili tibbi yardım briqadası cəlb olunub.
Yağında xəsarət alan 63 yaşlı qadın bədənin müxtəlif nahiyələrinin II-III dərəcəli termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.
***
11:51
Bakının Səbail rayonunun Lev Tolstoy küçəsində "Torqovı" ərazisində binada yanğın başlayıb.
Bu barədə TodayPress TV-yə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
tag: FHN,Yanğın,Bina,Küçə,Todaypress.tv,
