"Pilot Residence" MTK ilə sakinlər arasında məhkəmə mübahisəsi bitdi
Hadisə
24.02.2026 16:01
Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 ilə Nizami küçəsi, ev 4 ünvanlarının kəsişməsində yerləşən "Pilot Residence" yaşayış kompleksində uzun müddətdir davam edən hüquqi mübahisə artıq başa çatıb.
TodayPress TV xəbər verir ki, məhkəmə, dövlət qurumlarının rəylərinə və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəticələrinə əsaslanaraq tikintidə ciddi qanunsuzluqların olduğunu təsbit edib.
Nəticədə, MTK-dan həyətə qeyri-qanuni şəkildə inşa olunmuş obyektlərin sökülməsi tələb olunub. Lakin “Pilot Residence” MTK bu qərarla razılaşmayaraq Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdi. Aylardır davam edən araşdırmalardan sonra Apellyasiya Məhkəməsi də əvvəlki qərarı qüvvədə saxladı. Ardınca MTK Ali Məhkəməyə üz tutdu. Ali Məhkəmə, apellyasiya instansiyasının daha ətraflı araşdırma aparması məqsədilə işi geri qaytardı. Bu dəfə Apellyasiya Məhkəməsi yerində baxış keçirdi, sakinlərlə birbaşa görüşdü və nəticə olaraq kompleksin həyətində layihədən kənar inşa olunmuş 4 obyektin, o cümlədən 850 m²-lik ticarət sahəsinin qanunsuz olduğunu təsdiq etdi. Məhkəmə MTK qarşısında həmin tikililərin sökülməsi tələbi qoydu.
Hakimlər - Elşad Şamayevin sədrliyi, Vüqar Həsənov və Əhliman Xıdırovun üzvlüyü ilə Ali Məhkəmə də “Pilot Residence” MTK-nın apellyasiya məhkəməsinin qərarına etirazını rədd edib və Apellyasiya Məhkəməsinin əvvəlki qərarını qüvvədə saxlayıb. Yəni, kompleksin həyətində layihədən kənar inşa edilmiş ticarət obyektləri qanunsuz sayılıb və MTK-dan həmin tikililərin sökülməsi tələb olunub.
tag: Pilot Residence,MTK ,Məhkəmə,Qərar,Todaypress.tv,
