“Windows” istifadəçilərinə xəbərdarlıq..
Dünya
11.02.2026 06:00
“Microsoft” korporasiyası “Windows 10” və “Windows 11” əməliyyat sistemlərində istifadə olunan təhlükəsizlik sertifikatlarının tezliklə yenilənəcəyini bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Engadget” məlumat yayıb.
Məlumata görə, “Microsoft” 2011-ci ildən etibarən əməliyyat sistemlərində “Secure Boot” təhlükəsizlik sertifikatlarından istifadə edir. Bu sertifikatlar “Windows” işə düşməzdən əvvəl imzalanmamış və potensial zərərli kodların yüklənməsinin qarşısını almaq məqsədi daşıyır.
Şirkət bildirib ki, yazın əvvəlindən etibarən köhnəlmiş sertifikatların yenilənməsi və dəyişdirilməsi prosesi başlayacaq.
“Windows” bloqunda açıqlama verən “Microsoft” nümayəndəsi Nuno Kosta qeyd edib ki, kriptoqrafik təhlükəsizlik inkişaf etdikcə sertifikatlar və açarlar etibarlı müdafiəni təmin etmək üçün mütəmadi olaraq yenilənməlidir və bu, standart sənaye təcrübəsidir.
O, istifadəçiləri əməliyyat sisteminin yeniləmələrinə mane olmamağa və onları diqqətdən kənarda qoymamağa çağırıb. Bildirilib ki, yeni “Secure Boot” sertifikatları istifadəçilərin əksəriyyəti üçün avtomatik şəkildə quraşdırılacaq və sertifikatların aktuallığı “Windows” Yeniləmə Mərkəzində yoxlanıla bilər.
Qeyd olunub ki, “Secure Boot” sertifikatlarının yeni versiyalarını əhatə edən yeniləmələr “Windows” istifadəçiləri üçün mart ayından etibarən paylanacaq.
Aysel Mətləb
tag: Microsoft,Windows ,Yeniləmə,Sistem,Todaypress.tv,
