Şəhərin səsindən uzaq, təbiətin qoynunda - Dünyanın ən sakit adaları
Səs-küydən uzaq, sakit və təbiətlə iç-içə istirahət etmək istəyənlər üçün dünyanın ən sakit adalarının reytinqi hazırlanıb.
TodayPress TV xəbər verir ki, “TimeOut”un məlumatına görə, “BookRetreats” şirkətinin hazırladığı “Unspoilt Index” reytinqində dünyanın 100 adası təhlil edilib. Adalar təbii ərazilərin miqdarı, yol şəbəkəsinin sıxlığı, hava nəqliyyatının intensivliyi, əhali sıxlığı, gecə səmasının qaranlıq səviyyəsi və təbii sahil xəttinin uzunluğu olmaqla altı meyar üzrə qiymətləndirilib.
Araşdırmanın nəticələrinə əsasən, Yeni Zelandiyanın Stüart adası dünyanın ən sakit adası seçilib. 1680 kvadratkilometr ərazisi olan adada cəmi 500-ə yaxın insan yaşayır. Ərazinin təxminən 85 faizini milli park təşkil edir.
Adada insanlardan daha çox nadir kivi quşları yaşayır. Təxminən 20 min kivinin məskunlaşdığı Stüartda bu quşların sayı insanların sayından təqribən 40 dəfə çoxdur.
Adada böyük avtomobil yolları yoxdur, yalnız kiçik uçuş-enmə zolağı fəaliyyət göstərir. Bunun əvəzində meşələrdən və sakit körfəzlərdən keçən təxminən 280 kilometrlik piyada yolları mövcuddur.
Stüart adası həmçinin dünyanın ən cənubda yerləşən sertifikatlaşdırılmış “Qaranlıq səma” qoruğudur. Burada əlverişli hava şəraitində ulduzları və hətta cənub qütb işıqlarını müşahidə etmək mümkündür.
Reytinqdə ikinci yeri Yunanıstanın Anafi adası tutub. Adada 300-dən az insan yaşayır. Üçüncü yerdə Braziliyanın İlya-Qrandi adası, dördüncü yerdə isə Avstraliyanın Lord-Hau adası qərarlaşıb.
Britaniyanın Sent-Martins adası isə beşinci olub. Adada avtomobillərin hərəkəti qadağandır, hava limanı yoxdur və cəmi 135 nəfər yaşayır. Bununla yanaşı, 13 kilometrlik sahil boyunca 12 çimərlik yerləşir.
Şotlandiyanın Skay adası 11-ci, Normand adalarındakı Herm adası 14-cü, Xorvatiyanın Mlet adası 17-ci, Vis adası isə 19-cu yerdə qərarlaşıb.
Maraqlı məqam odur ki, dünyanın ən məşhur turizm məkanlarından biri olan Santorini siyahının demək olar ki, sonuncu pilləsində – 99-cu yerdə yer alıb. Adada inkişaf etmiş nəqliyyat infrastrukturu, beynəlxalq hava limanı və yüksək tikinti sıxlığı onun sakitlik göstəricilərinə mənfi təsir edib.
Dünyanın ən sakit 25 adası belə sıralanıb:
1. Stüart – Yeni Zelandiya
2. Anafi – Yunanıstan
3. İlya-Qrandi – Braziliya
4. Lord-Hau – Avstraliya
5. Sent-Martins – İngiltərə
6. Tioman – Malayziya
7. Ko-Çanq – Tailand
8. Ko-Ronq – Kamboca
9. Heyvlok – Hindistan
10. Santa-Katalina – ABŞ
11. Skay – Şotlandiya
12. Holboks – Meksika
13. Maqnetik-Aylend – Avstraliya
14. Herm – Normand adaları
15. Boa-Vişta – Kabo-Verde
16. Salt-Sprinq – Kanada
17. Mlet – Xorvatiya
18. La-Diq – Seyşel adaları
19. Vis – Xorvatiya
20. Palavan – Filippin
21. Viti-Levu – Fici
22. Milos – Yunanıstan
23. Salina – İtaliya
24. İlya-daş-Flores – Portuqaliya
25. La-Qomera – İspaniya.
Kübra Musayeva