Rusiya AİB ilə Monqolustan arasında müvəqqəti ticarət müqaviləsini ratifikasiya etdi
Dünya
29.12.2025 11:43
Rusiya Prezidenti Vladimir Putin Avrasiya İqtisadi Birliyi (AİB) ilə Monqolustan arasında müvəqqəti ticarət müqaviləsini təsdiqləyən qanun imzalayıb.
TodayPress TV xəbər verir ki, sənəd hüquqi aktların rəsmi dərc olunduğu veb-saytda yerləşdirilib.
Bildirilib ki, saziş Minsk şəhərində imzalanıb və 367 əmtəə alt maddəsi üzrə ticarətin liberallaşdırılmasını nəzərdə tutur. Sənədə əsasən, qeyd olunan məhsullar üzrə gömrük rüsumları tərəflər tərəfindən ya tamamilə ləğv ediləcək, ya da azaldılacaq.
Qeyd olunub ki, bu mexanizm daha əvvəl İranla tətbiq edilmiş modelə əsaslanır. Belə ki, ilkin mərhələdə əhatə dairəsi məhdud olan saziş bağlanır, növbəti mərhələdə isə ticarətin liberallaşdırılması üzrə tammiqyaslı razılaşmaya keçid nəzərdə tutulur.
Məlumata görə, güzəştlər Rusiya ilə Monqolustan arasında qarşılıqlı ticarətin təxminən 90%-ni təşkil edən 367 əmtəə maddəsinə şamil ediləcək. Rusiyanın Monqolustana ixracının 89%-i rüsumsuz həyata keçiriləcək, qalan 1% üzrə isə gömrük rüsumları azaldılacaq.
Hesablamalara əsasən, bu saziş Rusiya üçün 99,2 milyon dollar, Monqolustan üçün isə 3,7 milyon dollar həcmində gömrük rüsumlarına qənaət imkanı yaradacaq. Qeyd edilib ki, Rusiya hazırda Çindən sonra Monqolustanın ikinci ən böyük ticarət tərəfdaşı olaraq qalır.
Aysel Mətləb
tag: Rusiya,AİB,Müqavilə,Ticarət,Todaypress.tv,
