Polşa başına bomba yağdırmaq istəmir, əlində olanları Ukraynaya verir
Polşa Ukraynaya modernləşdirilmiş sovet istehsalı olan MiQ-29 qırıcılarının verilməsini müzakirə etməyə hazır olduğunu açıqlayıb.
TodayPress TV xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış jurnalistlərə bildirib.
Nazirin sözlərinə görə, əgər Kiyev təyyarələrin modernləşdirilməsini zəruri hesab edirsə, Varşava bu prosesə kömək etməyə hazırdır. Lakin modernləşdirmə xərclərini Ukrayna və ya bunu maliyyələşdirmək istəyən müttəfiq ölkələr ödəməlidir.
Kosinyak-Kamış bildirib ki, Ukrayna tərəfi Polşanın istismardan çıxardığı MiQ-29 qırıcılarının təhvil verilməsi ilə bağlı danışıqlara yenidən qayıdıb.
O əlavə edib ki, Varşava Kiyevdən pilotsuz uçuş aparatlarının (PUA) istehsalı texnologiyalarının paylaşılması məsələsində qarşılıqlı addım gözləyir.
"Ukrayna artıq dron istehsalında böyük imkanlara malikdir və onları Yaxın Şərqə ixrac edir. Bu isə göstərir ki, istehsal etdiyi bütün PUA-ları müharibədə istifadə etmir və ona yardım edən tərəfdaşlarla texnologiyalarını bölüşə bilər", – deyə nazir vurğulayıb.
Qeyd edək ki, Polşa daha əvvəl 6-8 ədəd MiQ-29 qırıcısını Ukraynaya verməyi planlaşdırsa da, sonradan bu prosesi Kiyevin PUA texnologiyalarına çıxış məsələsi ilə əlaqələndirmişdi.
Qiymət Mahir