Nepalda risk artır: Torpaq sürüşmələri baş verə bilər
Çin rəsmiləri Nepalda yeni torpaq sürüşmələrinin yaxın günlərdə ciddi təhlükə yarada biləcəyi barədə xəbərdarlıq ediblər.
TodayPress TV xəbər verir ki, Çin Mərkəzi Televiziyasının məlumatına görə, Çin Su Ehtiyatları Nazirliyi peyk görüntülərini təhlil etdikdən sonra Nepalın bəzi bölgələrində sürüşmə riskinin davam etdiyini müəyyən edib.
Nazirliyin məlumatına əsasən, ərazidə müxtəlif ölçülü bir neçə torpaq sürüşməsi qeydə alınıb. Su axınlarının təsiri ilə bu sürüşmələrin hərəkətə keçməsi və yaşayış məntəqələri üçün təhlükə yaratması ehtimal olunur.
Qeyd edək ki, avqustun 26-da Nepalın şimalında güclü daşqın baş verib. Fəlakətə Çin sərhədi yaxınlığında, Rasuvagadhi sərhəd keçid məntəqəsindən təxminən 20 kilometr şimal-şərqdə baş verən qar uçqununun səbəb olduğu bildirilib.
Dağlardan qopan qaya və torpaq kütləsi çay yatağı boyunca yüksək sürətlə 70 kilometrdən çox məsafə qət edib. Nəticədə yaşayış məntəqələri dağılıb və böyük ərazi su altında qalıb.
İlkin məlumatlara görə, fəlakət nəticəsində ən azı 919 nəfər həyatını itirib, təxminən 2 min nəfərin isə itkin düşdüyü bildirilir.
Çin tərəfi bölgədə vəziyyətin diqqətlə izlənilməsinin və yeni sürüşmə riskinə qarşı tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Türkan İsgəndərli