Nə sata bilirlər, nə saxlaya... - Tatarıstan neft quyularını bağladı

Nə sata bilirlər, nə saxlaya... - Tatarıstan neft quyularını bağladı
15.07.2026 14:49 Dünya

Rusiyanın Tatarıstan Respublikasında fəaliyyət göstərən kiçik neft şirkətləri hasilatı dayandıraraq neft quyularını bağlamağa başlayıblar.

TodayPress TV  xəbər verir ki, bu barədə "Business Online" nəşri sənaye mənbələrinə istinadən  məlumat yayıb.

Nəşr yazıb ki, buna səbəb neft emalı zavodlarının xammal qəbulunu dayandırması və hasil edilən neftin satışı ilə bağlı yaranan ciddi problemlərdir.

Məlumata görə, neft emalı zavodları hazırda yeni xammal qəbul etmir. Bundan əlavə, ölkənin magistral neft kəmərləri operatoru olan "Transneft"in saxlama imkanları da dolduğu üçün əlavə həcmdə neft qəbul edilmir.

Mənbənin sözlərinə görə, yaranmış vəziyyət xüsusilə kiçik neft hasilatçılarını ağır duruma salıb. Şirkətlər hasil etdikləri nefti sata bilmədikləri halda, işçilərin əməkhaqqını və vergi öhdəliklərini yerinə yetirmək məcburiyyətindədirlər.

"Neft emalı zavodları sadəcə neft qəbul etmir. "Transneft" də doludur, hətta saxlama üçün də xammal qəbul olunmur. Kiçik şirkətlər artıq istehsalı dayandırırlar. Vəziyyət olduqca narahatedicidir", – deyə nəşrin həmsöhbəti bildirib.

Mütəxəssislərin fikrincə, neft emalı müəssisələrinin fəaliyyətində yaranan problemlər artıq Rusiyada neft hasilatının həcminə də mənfi təsir göstərməyə başlayıb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər