NASA-dan tarixi buraxılış - Kosmosa yeni teleskop göndərildi
ABŞ-nin NASA kosmik agentliyi Nensi Qreys Roman Kosmik Teleskopunu uğurla kosmosa göndərib.
TodayPress TV xəbər verir ki, yeni rəsədxananın müşahidə sahəsi məşhur Habl teleskopundan 100 dəfə böyük olacaq.
Teleskop avqustun 30-da Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən "SpaceX"in "Falcon Heavy" raketi ilə orbitə çıxarılıb. Buraxılış Bakı vaxtı ilə saat 16:26-da baş tutub.
Uçuş zamanı raketin yan gücləndiriciləri ayrılaraq geri qayıdıb və eniş üçün manevr edib. Daha sonra birinci mərhələ də ayrılıb. Saat 16:57-də isə Roman teleskopu raketdən ayrılaraq müstəqil uçuşa başlayıb.
Ayrıldıqdan sonra teleskop rabitə sistemləri ilə əlaqə yaradıb və günəş panellərini açıb. Hazırda rəsədxana Yerdən təxminən 1,6 milyon kilometr uzaqda yerləşən "L2 Laqranj" nöqtəsinə doğru hərəkət edir.
NASA-nın məlumatına görə, Roman teleskopu səmanın daha böyük hissələrini eyni vaxtda müşahidə edə biləcək. Bu imkan alimlərə supernovaları, ekzoplanetləri və uzaq qalaktikaları daha geniş miqyasda araşdırmağa kömək edəcək.
Teleskopun əsas güzgüsü ölçü baxımından Hablın güzgüsünə yaxın olsa da, daha geniş kamerası sayəsində bir görüntüdə təxminən 100 dəfə böyük səma sahəsini əhatə edə biləcək.
Beş illik əsas missiyası ərzində Roman teleskopunun milyardlarla qalaktikanın xəritəsini hazırlaması və kainatın quruluşu ilə bağlı yeni məlumatlar toplaması gözlənilir.
Habl Yerin orbitində fəaliyyət göstərdiyi halda, Roman teleskopu Ceyms Uebb kimi Günəş ətrafında heliosentrik orbitdə yerləşəcək. Alimlər yeni rəsədxananın kainatın öyrənilməsində mühüm rol oynayacağını bildirirlər.
Türkan İsgəndərli
TodayPress TV