Müqəddəs dağa gedən yüzlərlə turist itkin düşdü

Müqəddəs dağa gedən yüzlərlə turist itkin düşdü
28.08.2026 05:17 Dünya

Nepal və Çin sərhədində baş verən güclü daşqınlardan sonra itkin düşən təxminən 1300 nəfərdən 100-dən çoxunun Himalay dağlarında yerləşən müqəddəs Kaylaş dağına yollandığı məlum olub.

TodayPress TV xəbər verir ki, “The Independent”in məlumatına görə, təbii fəlakət nəticəsində azı 168 nəfər həyatını itirib, yüzlərlə insan isə evlərini tərk etmək məcburiyyətində qalıb. İtkin düşənlər arasında yüzlərlə xarici turist də var.

Kaylaş dağı Tibetin cənub-qərbində, Çin, Nepal və Hindistan sərhədlərinin yaxınlığında yerləşir. Hündürlüyü 6400 metrdən çox olan dağ hinduizm, buddizm, caynizm və Tibetdəki Bon ənənəsinin davamçıları üçün müqəddəs hesab olunur.

Hindu inanclarına görə, Kaylaş dağı məhvetmə tanrısı Şivanın məskənidir. Bon ənənəsinin davamçıları isə dağı güclü mənəvi enerji mənbəyi hesab edirlər. Bəzi dini ənənələrdə Kaylaş mifoloji Meru dağı ilə də əlaqələndirilir.

Maraqlıdır ki, zəvvarlar adətən Kaylaşın zirvəsinə qalxmırlar. Bunun əvəzinə dağın ətrafında piyada təxminən 53 kilometrlik yol qət edirlər. Bu yürüşün insanı günahlardan təmizlədiyinə inanılır və adətən üç gün davam edir.

Hindu və buddist zəvvarlar dağın ətrafında saat əqrəbi istiqamətində, Bon ənənəsinin davamçıları isə əks istiqamətdə hərəkət edirlər.

İtkinlər arasında yüzlərlə əcnəbi var

Nepalda təbii fəlakət nəticəsində ən azı 165 nəfərin öldüyü, 826 nəfərin isə itkin düşdüyü bildirilir. Tibetdə isə üç nəfərin öldüyü, 558 nəfərin itkin düşdüyü açıqlanıb.

Nepal Turizm Şurasının məlumatına görə, itkin düşənlər arasında 179 Hindistan vətəndaşı var və onların əksəriyyəti Kaylaş dağına ziyarətə gedib.

Bundan başqa, 65 ABŞ, 35 Avstraliya, 33 Böyük Britaniya və 25 Kanada vətəndaşının da itkin düşdüyü bildirilir.

Fəlakətə buzlaqın uçması səbəb olub. Nəticədə güclü su və daş qalıqları axını sərhədin hər iki tərəfində yaşayış məntəqələrinə doğru hərəkət edib. Alimlər Himalaylarda buzlaqların əriməsi və iqlim istiləşməsi fonunda bu cür qəfil daşqınların təhlükəsinin artdığını bildirirlər.

Ukrayna Xarici İşlər Nazirliyi də Nepalda itkin düşənlər arasında 50-dən çox Ukrayna vətəndaşının olduğunu açıqlayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
28 AVQUST 2026
Bütün Xəbərlər