Kreml Türkiyəni bu cür hədələdi – Nə baş verir?

Kreml Türkiyəni bu cür hədələdi – Nə baş verir?
10.07.2026 12:14 Dünya

NATO-nun Ankara Sammiti və sammitdə verilən bəyanatlar Kremldə ciddi narahatlıq doğurub.

TodayPress TV "Axar.az"a istinadən xəbər verir ki, Kremlə bağlı təbliğat aparatları xüsusilə Türkiyənin mövqeyində baş verən dəyişiklikləri qabartmağa başlayıblar.

“Pravda” qəzeti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ilk dəfə olaraq Amerikanın Ukraynaya silah alışının maliyyələşdirildiyi NATO mexanizmi olan PURL təşəbbüsünə dəstəyini ifadə etdiyini vurğulayıb.

Nəşr əvvəlcə Ərdoğandan sitatlar gətirib:

“Ərdoğan Ankarada keçirilən NATO Sammitində çıxışı zamanı bildirib ki, Ukraynanın prioritet ehtiyaclarının siyahısını tərtib etmək təşəbbüsünü dəstəkləyir: “Öz milli arsenalımızdan Ukraynaya verdiyimiz hərbi dəstəyə əlavə olaraq, töhfəmizi davam etdirəcəyik. Ukraynanı dəstəkləməklə, Rusiyanı sülh yoluna yönəltmək üçün rabitə kanallarımızdan istifadə edirik”.

Eyni zamanda, Ərdoğan Rusiya ilə Ukrayna arasında danışıqlarda vasitəçilik etmək istəyini açıq şəkildə vurğulayıb: “Tərəfləri Türkiyədə yenidən bir araya gətirməyə hazır olduğumuzu bir daha təkrarlayıram”.

Daha sonra isə “Pravda” Türkiyəyə qarşı xüsusi iddialar və təhdidlərlə çıxış edib. Məqalədə hədələrin miqyası, statistika və digər faktlar sübut edir ki, bunlar bir redaksiyanın məhsulu olmaqdan kənara çıxır. Bu, Kremlin ictimai şəkildə Ankaraya xəbərdarlığına bənzəyir.

Məqalədə bu təhdidlər əksini tapıb:

“Birincisi, Rusiyaya yol göstərməyə ehtiyac yoxdur. Rusiyanın öz planı var və bu plan Rusiyanın Avropada yeni təhlükəsizlik arxitekturası ilə bağlı irəli sürdüyü tələblərin tanınmasını nəzərdə tutması prinsipinə söykənir.

İkincisi, Moskva Ərdoğanın diqqətini ona yönəltməlidir ki, Ukrayna bu yaxınlarda Rusiya ərazisində yerləşən “Mavi Axın” qaz kəmərinin kompressor stansiyasına hücum edib. Bu cür hücumlar ilk dəfə baş vermir.

Üçüncüsü, ona xatırlatmaq lazımdır ki, Rusiyanın dövlət korporasiyası “Rosatom” kredit xətti çərçivəsində ayrılmış Rusiya vəsaiti hesabına Türkiyə sahillərində "Akkuyu" AES inşa edir. “Rosatom”un türk podratçıları rus podratçıları ilə əvəz etmək və ya Qərbin sanksiyalarını əsas gətirərək AES-in istismara verilmə müddətini ləngitmək hüququ var”, - “Pravda” yazıb.

Nəşr qeyd edib ki, Türkiyə bizneslərinin Rusiyada haradan pul qazandığına baxmalıyıq:

“Bu, iqtisadiyyatın real sektoruna aiddir: tikinti, sənaye istehsalı, pərakəndə satış və bankçılıq. 2022-2024-cü illərdə bir çox Qərb brendinin getməsindən sonra Türkiyə holdinqləri Rusiyada öz iştiraklarını əhəmiyyətli dərəcədə genişləndiriblər. Rusiyada Türkiyə kapitalı olan şirkətlərin ümumi sayı 1600-ü keçib və onların ümumi illik gəliri təxminən 700 milyard rubl təşkil edir.

Təəccüblüdür ki, Türkiyə şirkətləri Rusiyada hərbi dronların istehsalı üçün əsas mərkəz olan Tatarıstandakı Alabuqa Xüsusi İqtisadi Zonasında fəal şəkildə iştirak edirlər. Bu, ölkənin təhlükəsizliyinə necə təsir edir? Ən mənfi cəhəti isə sənaye casusluğu və təxribat riskləri ilə bağlıdır.

Rusiya hökumətə müəyyən ölkələrdən xarici şirkətlərin işinə embarqo, kvota və qadağalar tətbiq etməyə imkan verən Rusiya Prezidentinin 560 nömrəli Fərmanı (xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında) çərçivəsində Türkiyə biznesini və onların məhsullarının idxalını tamamilə və ya qismən məhdudlaşdıra bilər.

2015-ci ilin təcrübəsi də var. Suriyada rus pilotun öldürülməsindən sonra Türkiyə şirkətlərinə Rusiyada tikinti və dizayn işləri aparmaq qanuni olaraq qadağan edildi. Bu tədbirin təkrarlanması Moskvada meqa layihələr quran “Ant Yapi” və “Enka” kimi holdinqlərə ciddi təsir göstərəcək. Təhlükəsizlik səbəbi ilə Türkiyəyə çarter reyslərinin və turların qadağan edilməsi Ankaranı həftələr ərzində rus turistlərindən milyardlarla dollar gəlir əldə etməkdən məhrum edə biləcək daha bir güclü vasitədir.

Prezident Vladimir Putin Kiyevi Rusiya ilə müharibəyə daha çox təhrik edə biləcək “tərəfdaşların” araşdırılması üçün göstəriş verib. Türkiyə saxta dostluq münasibətləri (sanksiyalar tətbiq etməməsi) səbəbindən əsas və ən təhlükəli düşməndir. Şübhəsiz ki, Ankara tezliklə Rusiyadan aldığı S-400 raket sistemlərinin Ukraynaya verilməsini təsdiqləyəcək. Onlardan imtina etmək ABŞ-ın Türkiyəyə F-35 satması üçün şərt idi və bu razılaşma Ərdoğana Ankarada vəd edilmişdi. Və bu, Kreml üçün daha bir “qırmızı xətt”dir”.

Qeyd edək ki, bu gün Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın sosial şəbəkə hesabında NATO Zirvəsində dediyi “Türkiyə Rusiya-Ukrayna müharibəsində sülhə nail olmaq üçün kommunikasiya kanallarını açıq saxlayır” sözləri yenidən yerləşdirilib. Bu, sanki Kremlin media vasitəsilə panik reaksiyasına dövlət ərkanı ilə cavabdır.

Xatırladaq ki, Türkiyə NATO ölkəsidir və alyansda ikinci ən böyük orduya sahibdir, həmçinin son illər müdafiə sənayesində qeyri-adi sayıla biləcək uğurlara nail olub. Avropanın təhlükəsizliyində rol alan Türkiyə Rusiyanın davamlı hərbi ritorika və hər problemi güclə həll etmək istəyindən usandığının işarəsini verir.

Ukrayna da artıq güclənməkdədir və Rusiyanın zəif nöqtələrini tapıb. Rusiyanın bütün ərazisində yanacaq çatışmazlığı dözülməz həddə qalxıb, eyni zamanda iqtisadiyyat son qırılma mərhələsinə yaxınlaşır. Bu durumda Ukraynaya dəstək doğrudan da Rusiyanın müharibədən əl çəkməsinin yeganə yolu kimi görünür.

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUL 2026
Bütün Xəbərlər