İstanbulda iki gəmi toqquşdu: 10 nəfərlik heyət itkin düşdü
İstanbulun Silivri rayonu sahillərində iki Türkiyə bayraqlı ticarət gəmisi toqquşub.
TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Qəza nəticəsində 10 nəfərlik heyətlə əlaqə kəsilib.
Hadisə sentyabrın 2-nə keçən gecə, saat 03:00 radələrində Silivri sahillərindən təxminən 18 mil cənubda baş verib.
Kocaelidən Aliağaya gedən “ALSU” gəmisi ilə İskəndərun limanından Qara dəniz Ereğlisinə hərəkət edən “TUĞBERK İMAMOĞLU” gəmisi naməlum səbəbdən toqquşub.
Hadisədən sonra əraziyə Sahil Təhlükəsizliyi və Mərmərə və Boğazlar Komandanlığının çoxsaylı gəmiləri və helikopterləri göndərilib.
İlkin məlumata görə, “ALSU” gəmisində görünən ciddi zədə aşkarlanmayıb. Lakin “TUĞBERK İMAMOĞLU” və onun göyərtəsindəki 10 nəfərlik heyətlə əlaqə yaratmaq mümkün olmayıb.
Hazırda itkin gəmi və heyət üzvlərinin tapılması üçün dənizdə və havada genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Türkan İsgəndərli