İsrail İranın uran ehtiyatlarına görə yeni müharibə planlaşdırır

İsrail İranın uran ehtiyatlarına görə yeni müharibə planlaşdırır
11.11.2026 10:03 Dünya

İsrail İranla mümkün yeni müharibəyə hazırlaşır. Təl-Əviv Tehranla növbəti qarşıdurmanın əvvəlkilərdən daha fərqli və mürəkkəb olacağını ehtimal edir.

TodayPress TV xəbər verir ki, bu barədə “Ynet” nəşri məlumat yayıb.

İsrailin müdafiə rəsmiləri hesab edirlər ki, növbəti müharibə əvvəlki toqquşmalardan əhəmiyyətli dərəcədə fərqlənə bilər. Təl-Əvivin qiymətləndirməsinə əsasən, İran ABŞ və İsrailin əvvəlki əməliyyatlarını təhlil edərək öz taktikasını dəyişib. Tehran mümkün yeni müharibədə hərbi aviasiyadan genişmiqyaslı istifadə əvəzinə, daha çox raket potensialına və hava hücumundan müdafiə sistemlərinə üstünlük verə bilər.

Nəşrin məlumatına görə, İsrail qarşıdurmanın uzunmüddətli və regional müharibəyə çevrilməsinin qarşısını almaq üçün sürətli və intensiv hərbi əməliyyata hazırlaşır. Bununla belə, İsrailin müdafiə rəsmiləri müharibə başladıqdan sonra onun müddətini və nəticələrini əvvəlcədən proqnozlaşdırmağın mümkün olmadığını etiraf edirlər.

“Ynet” qeyd edir ki, əvvəlki müharibə zamanı İsrailin hücumlarının əsasən İranın nüvə obyektlərinə deyil, hərbi və enerji infrastrukturuna, eləcə də hakimiyyətlə əlaqəli hədəflərə yönəldiyi barədə tənqidlər səsləndirilmişdi. Hətta əməliyyatın əsas məqsədinin İran hakimiyyətini devirmək olduğu barədə iddialar da ortaya atılmışdı. Amma İsrailin müdafiə rəsmiləri əməliyyatın qarşıya qoyulan məqsədlərə çatmadığı fikrini qəbul etmirlər.

Məlumata görə, İsrail üçün həllini tapmamış məsələlərdən biri İranın yüksək dərəcədə zənginləşdirilmiş təxminən 450 kiloqram uran ehtiyatının taleyidir. İsrail rəsmiləri bu materialların saxlanıldığı yerin məlum olduğunu bəyan edir və onların taleyinin razılaşma və ya başqa tədbir vasitəsilə müəyyənləşdirilməli olduğunu düşünürlər.

İsrail bəyan edir ki, sözügedən uran ehtiyatları İranın nəzarətində qaldığı müddətdə ölkənin nüvə təhlükəsinin aradan qalxdığını hesab etməyəcək.

Zəhra Məmmədova

XƏBƏR LENTİ
11 NOYABR 2026
Bütün Xəbərlər