Göldə DƏHŞƏTLİ hadisə: Su samuru qadına hücum etdi, 38 tikiş vuruldu
Amerikalı Linett Bellin Nevada ştatındakı Tahoe gölündə üzərkən çay su samurunun hücumuna məruz qalıb və ciddi xəsarətlər alıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Daily Star” yazıb.
Qadın əvvəlcə onu suyun altına çəkənin insan olduğunu düşünüb. O müqavimət göstərməyə başladıqdan sonra heyvanın dişlərini və caynaqlarını hiss etdiyini bildirib. Onun sözlərinə görə, su samuru getdikcə daha aqressivləşib və qadın ondan xilas olmağa çalışdıqca hücumu davam etdirib.
O, kömək üçün səslənsə də, yaxınlıqda olan insanlar onu eşitməyib. Sahildəki qayalara çatdıqdan sonra qadın sudan çıxmağa çalışıb, su samuru isə onu təqib etməyə davam edib. Nəticədə Bellin qayaya çıxmağı bacarıb. Heyvan bir müddət də onun ətrafında üzəndən sonra qadın hadisə yerindən uzaqlaşa və müstəqil şəkildə xəstəxanaya gedə bilib.
Həkimlər ona 38 tikiş qoyub və quduzluğa qarşı profilaktik müalicə kursu təyin ediblər.

Nevada Vəhşi Təbiət Departamentindən bildirilib ki, çay su samurları Tahoe gölündə və ətraf su hövzələrində yaşayır. İnsanlara hücumları nadir hallarda baş verir, lakin heyvanlar təhlükə hiss etdikdə, küncə sıxışdırıldıqda və ya balalarını qoruduqda aqressivlik göstərə bilərlər.
Aysel Mətləb