Fransa yanır: Yüzlərlə yanğınsöndürən alovu ram edə bilmir - VİDEO

Fransa yanır: Yüzlərlə yanğınsöndürən alovu ram edə bilmir - VİDEO
15.07.2026 11:14 Dünya

Fransanın Sena və Marna departamentində yerləşən Fontainebleau meşəsində baş verən yanğın  hələ də nəzarət altına alınmayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Euro News məlumat yayıb.                                                                                                                                                                                                          Məlumata görə, yanğın nəticəsində indiyədək təxminən 1 500 hektar meşə sahəsi yanıb. Daha sonra Fontainebleau şəhəri yaxınlığında ikinci yanğın da qeydə alınıb və əlavə 300–400 hektar ərazi alovun təsirinə məruz qalıb. 

Yanğının söndürülməsinə 850 yanğınsöndürən, 200 yerüstü texnika, 4 "Canadair" yanğınsöndürmə təyyarəsi, 2 "Dash" tipli təyyarə və 3 helikopter cəlb olunub.

Sena və Marna departamentinin prefekti Pierre Ori bildirib ki, bölgədə baş verən yanğın miqyası və ona qarşı səfərbər edilən qüvvələr fövqəladə xarakter daşıyır.

Rəsmilər bildiriblər ki, yanğın hazırda Fontainebleau şəhərinin mərkəzinə təhlükə yaratmasa da, ehtiyat tədbiri olaraq meşə kənarında yerləşən düşərgə də daxil olmaqla, təxminən 1 000 nəfər təxliyə edilib. Şəhər yaxınlığından keçən A6 avtomobil magistralı isə müvəqqəti bağlanıb.

Fransanın daxili işlər naziri Loran Nunez yanğının qəsdən törədilməsi ehtimalı ilə bağlı iki nəfərin saxlanıldığını açıqlayıb.  Saxlanılanlardan birinin 18 yaşlı gənc olduğu, üzərində alışqan aşkar edildiyi və əllərində his izlərinin olduğu bildirilib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər