Fransa bu gün yenidən ayağa qalxır - 60 min insan
Fransa hakimiyyəti əhalinin alıcılıq qabiliyyətinin azalmasına etiraz olaraq noyabrın 7-də Parisdə keçiriləcək nümayişə 60 minədək insanın qatılacağını gözləyir.
TodayPress TV xəbər verir ki, bu barədə "BFMTV" telekanalı mənbəyə istinadən məlumat yayıb.
Hüquq-mühafizə orqanları nümayişdə 400-dək radikalın iştirakına da hazırlaşır. Telekanalın Fransa daxili işlər naziri Loran Nünyesə istinadən verdiyi məlumata görə, sosial şəbəkələrdə artıq dövlət müəssisələrində iğtişaşlar törətməyə və mağazaları qarət etməyə çağırışlar yayılır.
Yürüş şəhərin şərqində yerləşən Respublika meydanından Millət meydanına qədər davam edəcək. Bu, Paris Polis Prefekturasının icazə verdiyi yeganə marşrutdur. Bununla yanaşı, “Sarı jiletlilər” hərəkatı hakimiyyət orqanlarının razılıq verməməsinə baxmayaraq, paytaxtın mərkəzindəki Konkord meydanında etiraz aksiyası keçirmək niyyətində olduğunu bəyan edib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, noyabrın 5-də keçirilən əvvəlki nümayişdə Paris küçələrinə 65 min nəfər çıxıb.