Makron küçə etirazlarına qarşı sərt addımlar atacaq
Fransa Prezidenti Emmanuel Makron qarşıdakı günlərdə qanuni əsası olmayan nümayiş və toplantıların qadağan ediləcəyini bildirib.
TodayPress TV xəbər verir ki, “Reuters”in məlumatına görə, Makron bu barədə oktyabrın 22-də Yelisey sarayında kəşfiyyat xidmətlərinin iştirakı ilə keçirilən iclasdan sonra danışıb.
Fransa Prezidenti bildirib ki, qanuni əsasları olmayan nümayişlərə prefektlər tərəfindən qadağa qoyulacaq. Həmkarlar ittifaqlarının təşkil etdiyi aksiyalar üçün isə alternativ marşrutlar təklif ediləcək. Məqsəd şəhər mərkəzlərində, xüsusilə mağazaların və ictimai binaların təhlükəsizliyini təmin etməkdir.
Makron ötən şənbə günü baş verən hadisələrə toxunaraq radikal sol qrupları Respublikanı devirməyə cəhd göstərməkdə ittiham edib. O, həmin qrupların zorakılıq və əvvəlcədən planlaşdırılmış aksiyalar həyata keçirdiyini deyib və digər cinayət əməllərinə qarşı da sərt tədbirlərin görüləcəyini vurğulayıb.
Prezidentin sözlərinə görə, Fransa hökuməti bazar ertəsi tələbə və şagirdlər, müəllimlər, həmkarlar ittifaqları, işəgötürən birlikləri, yerli özünüidarəetmə orqanları və parlament nümayəndələri ilə görüş keçirəcək. Görüşdə xüsusilə gənclərin qanuni tələbləri müzakirə olunacaq.
Qeyd edək ki, Fransada oktyabrın 17-də keçirilən genişmiqyaslı etiraz aksiyaları zamanı zorakılıq, talan və dağıntılar baş verib.
Oktyabrın 24-də isə yeni aksiyaların keçirilməsi planlaşdırılır.