Dəniz yolları ZƏBT EDİLDİ! - Husilər Afrika Buynuzuna qədər genişləndi

Dəniz yolları ZƏBT EDİLDİ! - Husilər Afrika Buynuzuna qədər genişləndi
29.09.2026 19:48 Dünya

Yəmənin üsyançı "Ənsar Allah" (husilər) hərəkatının Məxa şəhəri və Bab əl-Məndəb boğazı yaxınlığındakı ərazilər üzərində nəzarəti ələ keçirməsi onlara Yəmən ilə Afrika Buynuzu arasındakı dəniz təchizatı marşrutlarını genişləndirməyə imkan verib.

TodayPress TV xəbər verir ki, bu fikri Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin Sahil Mühafizə Xidmətinin rəisi general-mayor Xalid əl-Kamli "Asharq Al-Awsat" qəzetinə bildirib.

O hesab edir ki, Yəmənin qərb sahillərindəki son hadisələr husilər tərəfindən gələn təhlükənin xarakterini dəyişib və bu təhlükə artıq yalnız birbaşa hərbi əməliyyatlarla və ya gəmiçilik azadlığı ilə məhdudlaşmır, həm də qaçaqmalçılıq şəbəkələrinə və regiondakı silahlı qruplaşmalarla potensial əlaqələrə şamil olunur.

"Bu ərazilərə nəzarət husilərə Yəmənin qərb sahili ilə Afrika Buynuzu arasında təhlükəsizliyi təmin etmək və dəniz təchizatı yollarını genişləndirmək üçün daha çox imkan yaradır", - deyə əl-Kamli vurğulayıb.

Rəsminin sözlərinə görə, sahilin yeni hissələrinə və adalara nəzarət husilərə yüklərin qəbulu, gizlədilməsi və sonradan paylanması üçün eyni vaxtda bir neçə məntəqədən istifadə etməyə şərait yaradır.

O hesab edir ki, söhbət təkcə silahdan deyil, həm də rabitə avadanlığı, ikili təyinatlı texnologiyalar, narkotiklər və hərbi təyinatlı komponentlərdən gedə bilər. Əl-Kamli müvafiq marşrutların Ədən körfəzi, Somali sahili, Cibuti və Bab əl-Məndəb boğazından keçdiyini bildirib.

Bundan əlavə, Sahil Mühafizə Xidməti rəisinin sözlərinə görə, husilərin qaçaqmalçılıq üçün istifadə etdiyi gəmilər artıq Qırmızı dəniz sahili boyunca açıq şəkildə hərəkət edir və izləmə sistemlərini söndürmürlər.

Aysel Mətləb

XƏBƏR LENTİ
29 SENTYABR 2026
Bütün Xəbərlər